Bakı-Təl-Əviv reyslərinin həftəlik sayı 21-ə çatdırıla bilər

Baş səhifə

Bakı. Trend:

Gələn ilin mayından Bakı ilə Təl-Əviv arasında həftəlik uçuş
sayının 21-ə qədər artırılması nəzərdə tutulur.

Trend xəbər
verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL)
prezidenti Samir Rzayev sosial şəbəkədəki hesabında paylaşım
edib.

Belə ki, o, İsrailin Azərbaycandakı yeni təyin olunmuş səfiri
Ronen Krausz ilə görüşüb.




Görüş zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli
əməkdaşlığın inkişafı, xüsusilə aviasiya sahəsində əlaqələrin
genişləndirilməsi məsələlərini müzakirə edilib. Bu istiqamətdə
birgə təşəbbüslərin və əməkdaşlıq layihələrinin vacibliyi
vurğulanıb.

“Azərbaycan və İsrail arasında hava nəqliyyatı sahəsində davamlı
artım dinamikası müşahidə olunur. Bu tendensiyanın davamı kimi,
AZAL yaxın zamanda bu istiqamətdə uçuş sayını artırmağı
planlaşdırır. 2026-cı ilin mayından Bakı ilə Təl-Əviv arasında
həftəlik uçuş sayının 21-ə qədər artırılması nəzərdə tutulur. Bu
addım hava əlaqələrinin genişləndirilməsi və qarşılıqlı sərnişin
axınının artması baxımından mühüm mərhələ olacaq. Son illərin
statistik göstəriciləri əməkdaşlığın miqyasını və inkişaf tempini
aydın şəkildə əks etdirir.

2024-cü ildə AZAL Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə həftədə 11
uçuş olmaqla ümumilikdə 303 reys (gediş-gəliş) həyata keçirərək 74
minə yaxın sərnişin daşıyıb: “2025-ci ilin yanvar-oktyabr aylarında
isə aviaşirkət həmin istiqamət üzrə həftədə 14 uçuş olmaqla 562
reys yerinə yetirib və 147 mindən çox sərnişinə xidmət göstərib.
Fəaliyyətimizi davam etdirərək əməkdaşlığın yeni imkanlarının
reallaşmasına töhfə verməyi hədəfləyirik”, – paylaşımda qeyd
edilib.