“Avropada yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu” keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Köln şəhərində “Avropada yaşayan Azərbaycanlı
Mühəndislərin II Forumu” keçirilib.

Bu barədə Trend
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

“Azərbaycan və Avropa arasında süni intellekt və enerji
mübadiləsinin perspektivləri” mövzusunda keçirilən forum Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki
Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Almaniya
Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının
Dövlət himnləri səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü
uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin I Forumunun Təşkilat
Komitəsinin sədri, Almaniya Azərbaycanlıları Alyansı İdarə
Heyətinin rəhbəri Altay Rüstəmli giriş nitqi ilə çıxış edib. O,
forumun mühəndislərin vəhdət halında fəaliyyəti baxımından mühüm
əhəmiyyət daşıdığını vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov forumun
bilik və təcrübə mübadiləsi, eləcə də əməkdaşlıq baxımından mühüm
bir platforma olduğunu qeyd edib, dövlətin diaspora qayğısından
danışıb: “Harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımız
Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Prezident İlham
Əliyevin müasir çağırışlara uyğun müəyyən etdiyi diaspor siyasəti
soydaşlarımızın fəaliyyətini, o cümlədən mədəni və elmi
diplomatiyanı stimullaşdırır. Forumla bağlı bildirmək istəyirəm ki,
Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu onların
intellektual potensialından səmərəli istifadə olunmasına, yeni
ideyaların formalaşmasına və ortaq təşəbbüslərə şərait yaradır.
Komitə olaraq biz də xaricdə yaşayan soydaşlarımızı dəstəkləməyə,
onların inkişafı üçün real imkanlar yaratmağa davam edirik”.




Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı
Səfirliyinin müşaviri Samir Rzayev, Azərbaycan Respublikasının Əqli
Mülkiyyət Agentliyi İdarə Heyətinin üzvü Sənan Tapdıqov, İri
Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri vəzifəsini icra
edən Tahir Xəlilov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin
sədr müavini Rəşad Xalıqov çıxış edərək forumun işini yüksək
qiymətləndiriblər.

Forum iştirakçılarına komitənin layihələri, xüsusilə
ixtisaslaşmış formların məqsəd və əhəmiyyəti barədə geniş
videomaterial nümayiş olunub.

Forumda süni intellektin müxtəlif sahələrdə tətbiqi, süni
intellekt vasitəsi ilə insan duyğularını oxumaq, insanabənzər robot
texnikasında etik innovasiya, Azərbaycandan Avropaya baxış və bir
sıra digər istiqamətlər üzrə təqdimatlar olub.

Forumun Təşkilat Komitəsinin sədri, Korea Universitetinin xüsusi
təyin olunmuş professoru Elxan Riçard Sadıqzadə, “Women in
Engineering” təşkilatının sədri Sonabəyim Hüseynzadə, Berlin Ali
Tibb Məktəbi və Berlin Ali Biznes Məktəbinin mühəndisi Rauf
Abdullayev, eləcə də Avropanın bir sıra tanınmış azərbaycanlı
mühəndisləri, alim və mütəxəssislər çıxış edərək mühəndislik
sahəsində beynəlxalq əməkdaşlığın, innovativ təşəbbüslərin və
elmi-texnoloji mübadilənin əhəmiyyətindən danışıb, şəxsi
təcrübələrini bölüşüb, forumun diasporun elmi və intellektual
potensialının inkişafına mühüm töhfə verəcəyini bildiriblər.
Soydaşlarımız həmçinin göstərilən dəstəyə görə Azərbaycan dövlətinə
minnətdarlıqlarını bildiriblər.

Forumda iştirak edən Almaniyanın Keramika Texnologiyaları və
Sistemləri İnstitutunun professoru Konstanse Çöpe belə tədbirlər
sayəsində Azərbaycanla Almaniya arasında əməkdaşlığın daha da
güclənəcəyinə ümid etdiyini söyləyib.

Avropanın 16 ölkəsindən, Almaniyanın 45 şəhərindən ümumilikdə
200-ə yaxın soydaşımızın və xarici qonaqların qatıldığı foruma
“Muğam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin sədri Səbinə Məmmədova
moderatorluq edib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi son illər xarici
ölkələrdə yaşayan azərbaycanlı alimlərin, həkimlərin,
mühəndislərin, gənclərin və tələbələrin beynəlxalq forumlarını
sistemli şəkildə təşkil edir və bu təşəbbüs həm diasporun, həm də
Azərbaycan ictimaiyyətinin böyük rəğbətini qazanıb.