
Bakı. Trend:
Azərbaycan-Türkmənistan logistika əlaqələrinin fiziki əsasını
Bakı–Türkmənbaşı beynəlxalq dəniz limanı xətti təşkil edir.
Trend xəbər verir
ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlovun
“Türkmənistanın xarici siyasəti və diplomatiyası” jurnalında dərc
edilən məqaləsində qeyd olunur. Jurnal Türkmənistanın Xarici İşlər
Nazirliyi tərəfindən nəşr olunur.
Onun sözlərinə görə, bu liman həmçinin Orta Dəhliz kimi tanınan
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas halqasıdır. O
bildirib ki, həmin dəhliz Xəzər regionu ölkələri və onun
hüdudlarından kənardakı dövlətlər arasında ticarətin
stimullaşdırılmasında və regional bazarların birləşdirilməsində
mühüm rol oynayır.
Səfir həmçinin Lazurit Dəhlizinin rolunu da vurğulayıb. O qeyd
edib ki, bu dəhliz Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan
və Türkiyəni birləşdirir.
“Bu marşrut Transxəzər dəhlizindən keçir, TRACECA ilə kəsişir və
Cənubi Qafqazdan Aralıq dənizi limanlarına çıxışı təmin edir. O,
Aşqabad və Bakının tranzit və logistika siyasətinin strateji
şəkildə uzlaşdırılmasına xidmət edir”, – deyə Qismət Gözəlov
bildirib.
Diplomat rəqəmsal infrastrukturun inkişafının əhəmiyyətini də
xüsusi vurğulayıb. O, “TransCaspian FO” layihəsindən bəhs edərək
bildirib ki, bu təşəbbüs Avropa ilə Asiya arasında yüksək sürətli
məlumat ötürmə marşrutunun yaradılması vasitəsilə regional
əlaqəliliyin gücləndirilməsinə xidmət edir.
“Bu layihə ümumi inteqrasiyanı təşviq edəcək, “Rəqəmsal İpək
Yolu”nun bir hissəsi kimi çıxış edəcək və mühüm geosiyasi
əhəmiyyətə malik olacaq,” – deyə Qismət Gözəlov qeyd edib.

