“Space TV” kanalına xəbərdarlıq edilib

Baş səhifə

Bakı. Trend:

21 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası
Audiovizual Şurasının növbəti iclası keçirilmişdir.

Şuradan Trend
verilən məlumata görə, iclasda 2025-ci il oktyabrın 8-də, saat
22.06-23.09 arası “Space TV” kanalının efirində yayımlanan “Banu”
proqramında bölgələrin birində keçirilmiş qohum evliliyinə dair toy
şənliyinin nümayişi müzakirə olunmuşdur.

Müzakirələr zamanı proqramın həmin buraxılışı ölkəmizdə ailə
institutunun möhkəmləndirilməsi, ailə rifahının və sosial
dəyərlərin qorunması istiqamətində aparılan hüquqi islahatların
mühüm nəticələrindən biri kimi 01 iyul 2025-ci il tarixindən
qüvvəyə minmiş “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə”
edilmiş qohumlar arasında evliliyin qadağan olunması ilə bağlı
müvafiq dəyişikliklliklər prizmasından qiymətləndirilmişdir.
Hazırda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12.0.2-1-ci
maddəsinə görə qardaşların və (və ya) bacıların ümumi bioloji baba
və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol
verilmir.




Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və
təhlili şöbəsinin mütəxəssisləri tərəfindən yaxın qohumlar arasında
baş tutan toy məclisinin “Space TV” kanalında nümayişi faktı
müəyyən olunmuşdur. Daha sonra məsələnin ətraflı araşdırılması
məqsədilə kanala sorğu ünvanlanmışdır. Sorğuya verilən rəsmi cavaba
əsasən süjetdə göstərilən toy şənliyi qanunvericilik
dəyişikliklərinin qüvvəyə minməsindən xeyli əvvəl (rəsmi nikah 06
mart 2025-ci il tarixdə qeydə alınmışdır) baş tutmuşdur. Lakin bir
neçə ay əvvəl lentə alınmış toy şənliyi televiziya kanalının
mütəxəssislərinin texniki nöqsanı səbəbindən efirə oktyabr ayında
verilmişdir.

İclas zamanı məsələ diqqətlə müzakirə edilmiş və proqramın 08
oktyabr 2025-ci il tarixli buraxılışında yuxarıda qeyd olunan yeni
qanunvericilik tələblərinin pozuntusunun baş verdiyi qənaətinə
gəlinmiş, bu hal redaksiya nəzarətinin qeyri-qənaətbəxş olmasının
təzahürü hesab edilmişdir. Sonda, yayımçıya göndərilmiş sorğuya
cavabda pozuntunun etiraf edilməsi və nöqsan buraxmış əməkdaşla
bağlı zəruri tədbirlərin görülməsi nəzərə alınaraq Audiovizual
Şuranın üzvləri “Space TV” kanalına yalnız xəbərdarlıq edilməsi
barədə razılığa gəlmişlər.

Audiovizual Şura bütün yayımçılardan proqramlarda
qanunvericiliyin tələblərinə riayət olunmasını tələb edir,
monitorinq və nəzarət tədbirlərinin davam edəcəyini bildirir.