
Hamburq. Trend: – Aercap Azərbaycan Hava Yolları (AZAL) ilə
əməkdaşlığını uzunmüddətli strateji tərəfdaşlıq kimi qiymətləndirir
və gələcək investisiyaları istisna etmir.
AerCap-ın baş vitse-prezidenti və Şərqi Avropa və Mərkəzi Asiya
üzrə rəhbəri Con Qovan Trend-ə AZAL-ın ilk Airbus A321neo təyyarəsinin
təhvil-təslim mərasiminin kənarında bildirib.
O qeyd edib ki, AerCap təxminən 1700 təyyarədən ibarət donanması
ilə dünyanın ən böyük lizinq aviaşirkətidir.
“Biz 1700 təyyarədən ibarət donanması ilə dünyanın ən böyük
təyyarə lizinq verən şirkətiyik. AZAL ilə əməkdaşlığımıza
başlayanda onun bu qədər əhəmiyyətli dərəcədə artacağını
gözləmirdik. Hər şey iki təyyarə ilə başladı, sonra altı təyyarə
oldu və biz bu inkişafdan çox məmnunuq”, – deyə o bildirib.
Qovan vurğulayıb ki, AerCap AZAL ilə tərəfdaşlığını
genişləndirməyə davam etməyə hazırdır və aviaşirkəti vacib tərəfdaş
kimi görür.
“AZAL və Azərbaycana yatırmağa hazır olduğumuz investisiyaların
miqdarında heç bir məhdudiyyət yoxdur. Biz əməkdaşlıq üçün bütün
imkanları araşdırmağa davam edəcəyik. Onlar artıq bizim
tərəfdaşlarımızdır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, aviaşirkətlə əməkdaşlıq sadə təyyarə
icarəsindən kənara çıxır.
“Dediyim kimi, siz sadəcə təyyarə əldə etmirsiniz – siz
tərəfdaşlıq əldə edirsiniz”, – deyə o əlavə edib.
Qovan Azərbaycanın regional aviasiya mərkəzi kimi rolu ilə bağlı
suala cavab olaraq ölkənin əlverişli coğrafi mövqeyini,
infrastrukturun inkişafını və güclü idarəetmə komandasını qeyd
edib.
“Azərbaycan çox əlverişli coğrafi mövqedədir. Onun müasir hava
limanı və müasir aviaşirkəti var. Əhəmiyyətli dövlət
investisiyaları və əla idarəetmə komandası var. Hesab edirəm ki,
AZAL-ın potensialı faktiki olaraq sonsuzdur”, – deyə o,
yekunlaşdırıb.

