
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib.
Trend
müsahibəni təqdim edir:
– Dağlıq Qarabağ münaqişəsi haqqında soruşmaq istəyirəm.
Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri cümə günü
Vaşinqtona səfər edəcəklər. Bu görüşdən nə gözləyirsiniz? Siz
üçtərəfli formatda bəzi şərtlərlə danışıqlara
hazırsınızmı?
– Bilirsiniz ki, əslində, Amerika Birləşmiş Ştatları, Rusiya və
Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll
yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr
ölkələridir. Ona görə bizim nazirlərimizin bu üç paytaxtda
görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur.
Bilirsiniz ki, Moskvaya da səfər edilmişdir, orada da görüş
olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə
danışıqların davamıdır. Əlbəttə ki, indi yerdə vəziyyət
dəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud
deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan
rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş
ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu
müzakirələrdə bizim əsas məqsədimiz Ermənistan rəhbərliyinin
ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu
təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir.
– Prezident Putin Sizi də Moskvaya dəvət
edib?
– Xeyr.
– Dəvət olunsaydınız, getməyə hazırsınızmı?
– Mən dəfələrlə Prezident Putin tərəfindən dəvət olunmuşam və
Moskvaya dəfələrlə səfər etmişəm. Bəzi illərdə hətta il ərzində bir
neçə dəfə səfər etmişəm. Odur ki, bu yüksəksəviyyəli təmasların
tərəfdaş və qonşu ölkələr arasında olması adət edilmiş bir haldır.
Həmçinin Prezident Putin də Azərbaycana dəfələrlə səfər edib.
– Əgər cümə günü nazirlərin görüşündə hər hansı bir
irəliləyiş olsa, Moskvada Ermənistanın baş nazirinin qatılacağı
üçtərəfli görüş keçirilə bilərmi?
– Bəli, əlbəttə ki, bu, mümkündür, çünki bu növ görüşlər
əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin
nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki,
Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə
nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan
rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici
bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız
etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT
Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın
işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş
naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə,
dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və
Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə,
danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də biz
Ermənistan hökumətinə sübut etməli idik ki, artıq onlar bu cəzasız
təcavüzkar addımları ata bilməzlər. Biz onların cəzasını yerində
veririk, biz ərazilərimizi azad edirik, demək olar ki, hər gün mən
Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan
edirəm. Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşir.
Buna görə də, əlbəttə ki, onlar daha məntiqli davranmalıdırlar və
birmənalı olaraq ərazilərin işğaldan azad edilməsi baş verir. Biz
buna sülh danışıqları vasitəsilə nail olmaq istəyirdik. Lakin
Ermənistanın qeyri-konstruktiv mövqeyi və təhrikedici addımlarına
görə bu, mümkün olmamışdır. Buna görə biz indi döyüş meydanında
ərazilərimizi azad edirik.
– Siz ikinci atəşkəsin artıq uğursuz olduğunu, yaxud
bitdiyini və döyüşün davam etdiyini deyərdiniz?
– Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki,
atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular,
onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər. Bu səhər saat
6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görən
Tərtər şəhərinə 100-dən çox raket atıblar. Onlar bizim hərbi
mövqelərimizə hücum edirlər. Onlar artıq azad edilmiş əraziləri
yenidən geri götürmək istəyirdilər. Bildiyiniz kimi, birinci
atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan
ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri
Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan
hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi
pozublar.
Mən həmişə demişəm ki, atəşkəsə birtərəfli qaydada nail olmaq
mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə
etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Sizə deyə
bilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan
şəhərini və bir çox kəndləri azad etdik. Beləliklə döyüş meydanında
nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad
edirik. Ona görə Ermənistan hökuməti öz davranışı haqqında ciddi
düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə,
birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş
əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan
ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik
götürməlidir.
– Hələ ki, atəşkəs əsirlərin və cəsədlərin mübadiləsi də
daxil olmaqla humanitar məqsədlər üçün elan edilmişdir. Sizcə bu
atəşkəsin, – ola bilsin başqa atəşkəs də olacaqdır, – əsirlərin
mübadiləsindən sonra bitəcəyi deməkdir? Yəni, bu, qüvvədə olacaq
əsaslı atəşkəs, yoxsa, müvəqqəti atəşkəs olacaqdır?
– Bəli, atəşkəs humanitar zəmində elan olunmuşdur. Bildiyiniz
kimi, Moskva bəyannaməsində substantiv danışıqlara və danışıqlar
formatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isə
Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ hökumətini”
danışıqlara cəlb etmək cəhdlərinin artıq olmayacağı deməkdir. Bu,
bizim tərəfimizdən və Minsk qrupu tərəfindən rədd edilmişdir. Buna
görə, əlbəttə, əgər Ermənistan danışıqlara sadiq qalarsa və
əraziləri boşaltmaq üçün üzərinə ciddi öhdəlik götürərsə, – hansını
ki, onlar hələ də elan etməyiblər, – bu halda bu atəşkəs
uzunmüddətli olacaqdır. Çünki biz bu problemi sülh yolu ilə həll
etmək istəyirik. Lakin, əgər onlar resurslarını səfərbər etmək,
əlavə əcnəbi hərbi yardım almaq və bizə qarşı yeni hücuma keçmək
üçün bu atəşkəsdən istifadə etməyə cəhd göstərəcəklərsə, əlbəttə,
bu atəşkəs uzun müddət davam etməyəcəkdir. Bu, onlardan
asılıdır.
– Beləliklə, danışıqlar masasına oturmaq üçün hər hansı
danışıqları aparmadan öncə əvvəlcədən Ermənistandan ən azından
yeddi rayonun bəzilərini boşaltmağa razılaşmağı tələb
edəcəksiniz?
– Onlar bu əraziləri boşaldacağına dair üzərilərinə ciddi
öhdəlik götürməlidirlər. Çünki bu, Minsk qrupunun vasitəçiliyi ilə
iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir.
Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana
qaytarılmalıdır, bizim qaçqın və məcburi köçkünlərimiz işğal
olunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən Dağlıq
Qarabağın ərazisinə, o cümlədən qədim Azərbaycan şəhəri olan
Şuşanın ərazisinə. Buna görə Ermənistan hökuməti bu prinsiplərə
sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan
etməlidir və bundan sonra əlbəttə ki, danışıqlar başlayacaqdır. Biz
indi birinci olaraq ərazilərin boşaldılması və sonra danışıqların
başlanılması ilə bağlı ilkin şərti irəli sürmürük. Biz hazırda
Ermənistan tərəfindən, bu zorakılığa və dinc əhaliyə qarşı hərbi
cinayətlərin törədilməsinə görə məsul olan şəxsdən, şəxsən baş
nazirdən tələb edirik ki, o, Ermənistanın işğal olunmuş əraziləri
boşaldacağını desin. Bundan sonra əlbəttə ki, münaqişənin
nizamlanması döyüş meydanından danışıqlar masasına keçəcəkdir.
– Ermənistan desə ki, onlar ilkin olaraq beş rayonu
boşaltmağa hazırdır, Siz danışıqlara getməyə hazır
olarsınızmı?
– Azərbaycanın bütün rayonları boşaldılmalıdır. Bütün. Əlbəttə
ki, biz vaxt çərçivəsindən danışa bilərik və əsas prinsiplərdə vaxt
çərçivəsi ilə bağlı müəyyən fikirlər var idi. Hansı mərhələdə
rayonların birinci, hansı mərhələdə rayonların ikinci hissəsi
boşaldılacaq. Beləliklə bunu müzakirə etmək olar. Lakin aydındır
ki, işğal olunmuş bütün ərazilər qaytarılmalıdır.
– Bu, əvvəlcədən elan olunmalıdır.
– Bütün azərbaycanlılar öz qədim torpaqlarına qayıtmalıdır.
– Rusiyanın müşahidəçi qruplarının göndərilməsinə dair
təklifinə və ya beynəlxalq müşahidəçilərlə bağlı nə
deyərdiniz?
– Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas
prinsiplərin bir hissəsidir. Lakin bu, sonuncu hissəsidir,
ünvanlanmalı olan ən son məsələlərdən biridir və əlbəttə ki, hər
iki tərəf, – Azərbaycan və Ermənistan bu beynəlxalq müşahidəçilərin
və ya sülhməramlıların kim olacağına razılaşmalıdır. Buna görə, biz
danışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməmişik. Hesab
edirəm ki, Minsk qrupunun həmsədrləri olan üç ölkə, əlbəttə, öz
adından bu müşahidəçilərin tərkibi, sayı, onların nə zaman və hara
göndəriləcəyi ilə bağlı təkliflərini verəcəklər.
Çünki bu, həm də texniki nöqteyi-nəzərdən vacibdir. Çünki indi
döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya
sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında
ola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək?
Aydındır ki, biz bu barədə danışanda, Azərbaycan ərazisi barədə
danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki,
bununla bağlı həlledici sözü biz deməliyik. Bu səbəbdən, sözsüz ki,
bütün bu məsələlərlə məşğul olmaq lazımdır. Prinsipcə, biz bunu
inkar etmirik. Lakin sözsüz ki, vaxtı gələndə biz öz şərtlərimizi
irəli sürəcəyik.
– Minsk qrupundan söz düşmüşkən, Türkiyə Minsk qrupunu
tənqid edərək ona ağılsız deyir. Siz bununla
razılaşardınız?
– Mən bu yaxınlarda demişdim ki, Minsk qrupu 30 il ərzində heç
bir nəticə əldə etmədi. Eyni zamanda, mən dedim ki, biz Minsk
qrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökumətləri ilə
irəliləyişə nail ola bilmişdik. Böyük olmasa da, hər halda
irəliləyiş idi. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticə
əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir. Həmçinin Minsk
qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir.
Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT
Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan
torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4
qətnamə qəbul edib. Bu qətnamələrə niyə əməl edilmədiyi sual
olunur. Çünki Minsk qrupunun həmsədrləri və daimi üzvlər eyni
ölkələrdir. Beləliklə, bu, açıq sualdır.
– Siz Minsk qrupunun həmsədrləri arasında Rusiyanın
vasitəçi kimi, aparıcı vasitəçi kimi rolu barədə nə deyə
bilərsiniz? Siz deyə bilərsiniz ki, Rusiya ədalətli
olub?
– Bilirsiniz, Minsk qrupunun üç həmsədrinin eyni hüquqları və
eyni mandatı var. Odur ki, mənim bildiyimə görə bu ölkələr
arasından lider seçilməyib. Onların hamısı bərabərdir və biz onlara
vasitəçi kimi baxırıq. Əgər hər hansı bir ölkə vasitəçi rolunu
üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral
deyilsə, vasitəçi ola bilməz. Neytrallıq səviyyəsi, əlbəttə ki,
münasib zamanda ünvanlanacaq başqa bir məsələdir. Lakin düşünürəm
ki, Minsk qrupunun həmsədrləri zorakılığı dayandırmaq və 28 il
ərzində yerinə yetirilməyən mandatı yerinə yetirmək üçün xüsusilə
indi, Ermənistanın döyüş meydanında demək olar ki, məğlub olduğu
bir vaxtda öz rollarını oynayacaqlar.
– Siz Türkiyənin Qafqazdakı məsələlərlə bağlı daha çox
söz sahibi və bu danışıqlar prosesində daha fəal olmağını
istəyirsinizmi?
– Bu, sözsüz ki, Türkiyənin siyasi gündəliyindən asılıdır. Mən
Türkiyənin adından danışa bilmərəm. Demək istədiyim odur ki,
əlbəttə, biz Türkiyənin regional məsələlərdə fəal iştirakına hər
zaman güclü dəstək veririk. Faktiki olaraq, bu iştirak
açıq-aşkardır. Türkiyə indi təkcə bizim regionumuzda deyil,
Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol
oynayır. Bu, reallıqdır və bu, bizim üçün çox yaxşı reallıqdır.
Çünki Türkiyə bizim üçün qardaş ölkədir, ən yaxın müttəfiqimiz və
dostumuzdur. Əlbəttə ki, Türkiyə de-fakto, həm də Minsk qrupunun
üzvü olaraq hüquqi baxımdan artıq cəlb olunub. Mən bir dəfə
müsahibələrimdən birində demişdim ki, Türkiyə hətta həmsədr də ola
bilərdi. Əgər biz həmsədrləri bu gün seçsəydik, Azərbaycan sözsüz
ki, Türkiyənin namizədliyini dəstəkləyərdi və əminəm, Türkiyə
həmsədr olmaqda israr edərdi. Əfsuslar olsun ki, 1992-ci ildə bu,
baş vermədi. Beləliklə, bu, hüquqi tərəfdir. Praktiki tərəfdən,
bildiyiniz kimi, Türkiyə və Rusiyanın prezidentləri, Xarici İşlər
nazirləri, Müdafiə nazirləri görüşüblər, söhbət aparıblar, bu
məsələni müzakirə ediblər. Ona görə də, Ermənistanın dediyi kimi,
əgər kimsə deyirsə ki, Türkiyə orada olmamalıdır, bu, Ermənistanın
işi deyil, Türkiyə artıq oradadır və cəlb olunmalıdır, çünki o,
sabitlik gətirəcək. Həmçinin düşünürəm ki, Türkiyə Qafqazın 3
ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin
onların hər üçü ilə sərhədi yoxdur. Əlbəttə ki, Türkiyə fəal
şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və biz bunu möhkəm
dəstəkləyirik.
– Beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ
Azərbaycanın ərazisidir. Lakin, eyni zamanda, orada çox sayda
erməni əhalisi var. Siz zəmanət verə bilərsinizmi ki, Azərbaycan
nəzarəti geri qaytarandan sonra erməni əhali orada təhlükəsiz
şəraitdə və bərabər hüquqlarla yaşaya biləcək?
– Bəli, sözsüz ki. Mən münaqişənin bu aktiv fazası ərzində artıq
dəfələrlə bununla bağlı bəyanatlar vermişəm ki, Dağlıq Qarabağda
yaşayan həmin ermənilər bizim vətəndaşlarımızdır. Onların
təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları
kimi tam təmin olunacaq. Sizə deyə bilərəm ki, hazırda
azərbaycanlıların olmadığı Ermənistandan fərqli olaraq, bu gün
Azərbaycanda minlərlə erməni əsilli adam var və Ermənistan
əhalisinin 99 faizi etnik ermənilərdir. Beləliklə, orada heç bir
milli azlıq yaşaya və sağ qala bilməz. Onlar bugünkü Ermənistan
Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri
qovublar. Ən böyük icma azərbaycanlılar idi. XX əsrin əvvəlində
İrəvan şəhərinin əhalisinin 70 faizi azərbaycanlılar idi. Ermənilər
bizim bütün tarixi, dini abidələrimizi dağıdıblar. Onlar təkcə
İrəvanda deyil, bugünkü Ermənistanın bir çox başqa regionlarında da
Azərbaycan mədəniyyətinin izlərini siliblər. Yeri gəlmişkən,
1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti,
əfsuslar olsun ki, mayın 29-da, – bu, haqq qazandırılması mümkün
olmayan böyük bir səhv idi, – İrəvanı paytaxt kimi Ermənistana
verməyi qərara aldı. Beləliklə, onlar bizim bütün dini və mədəni
irsimizi dağıdıblar. Onlar bizim məscidlərimizi, abidələrimizi
dağıdıblar. Burada – Bakının mərkəzində isə çox sayda erməni
kitablarının olduğu erməni kilsəsi var. Bu gün Bakıda və
Azərbaycanın başqa yerlərində çox sayda, minlərlə erməni yaşayır.
Sizin orada yaşayan çox sayda erməni ilə bağlı dediyiniz məqama
gəlincə, bizdə olan məlumata görə, keçmiş Dağlıq Qarabağ Muxtar
Vilayəti də daxil olmaqla, işğal edilmiş ərazinin real əhalisi
təqribən 65 min nəfərdir. Bu, böyük icma deyil. Lakin müharibədən
əvvəl, 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada,
həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı
olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox
azərbaycanlı yaşayırdı. Ermənilər bizə qarşı etnik təmizləmə həyata
keçiriblər. Biz bunu heç vaxt etməmişik. Hətta bu toqquşmalar
zamanı biz eyni yolla cavab verməmişik. Biz nə Dağlıq Qarabağ
ərazisinə, nə də Ermənistan ərazisinə ballistik raketlərlə hücum
etməmişik. Mən demişdim ki, biz qisas alacağıq, lakin biz qisası
döyüş meydanında alacağıq. Beləliklə, Dağlıq Qarabağdakı ermənilər
tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların
təhlükəsizliyi təmin ediləcək. Dağlıq Qarabağdakı cinayətkar xunta
kənarlaşdırılandan sonra onlar daha yaxşı yaşayacaqlar. Onlar
ləyaqətlə yaşayacaqlar, sülh şəraitində yaşayacaqlar və ölkəmizdəki
istənilən başqa insanlar üçün etdiyimiz kimi, biz onlar üçün də
bütün sosial və iqtisadi imtiyazları təmin edəcəyik.
– Dağlıq Qarabağı geri qaytarandan sonra Siz Madrid
prinsiplərində qeyd olunduğu kimi, onların öz müqəddəratını
təyinetmə hüququna hörmət edəcəksinizmi və referenduma razılıq
verəcəksinizmi?
– Xeyr, əlbəttə ki, xeyr. Dağlıq Qarabağda heç bir referendum
olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar
zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini
geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz
müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz
müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti
var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz
müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik
Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını
təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın
ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin
müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn,
mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş
ölkələrində bu nümunələri görürük ki, insanların öz
bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var.
Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda
yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz
heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin
yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir
sözlə, referendum olmayacaq, heç vaxt.
– Döyüş meydanından danışarkən, Ermənistanın Liviyada,
Suriyada yaşayan erməniləri cəlb etdiyinə dair məlumatlar var. Eyni
zamanda, QHT, dəqiq desək, Suriya İnsan Haqlarının Müşahidəsi Qrupu
iddia edir ki, Suriyadan çox sayda etnik türkmən döyüşçü hazırda
Sizin qüvvələrinizlə birlikdə döyüş meydanındadır. Bu, doğrudur, ya
yox?
– Xeyr, bu, doğru deyil. İlk növbədə, mən bildirmək istərdim ki,
Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri cəlb etməsi
faktı sirr deyil. Hətta Ermənistanın baş naziri bunu etiraf edib.
Lakin o bildirib ki, onlar köklü ermənilərdir. Birincisi, heç kim
bilmir onlar köklü ermənilərdir, ya yox. Bizdə məlumat var ki,
başqa millətlərin nümayəndələri hazırda Ermənistan tərəfdən
döyüşür. İkincisi, əgər insan etnik ermənidirsə və başqa ölkənin
vətəndaşıdırsa, bu, o demək deyil ki, o, muzdlu deyil. Döyüş
meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan,
Kanada pasportu olan insanlar var. Bizdə Fransa, ABŞ
vətəndaşlarının, erməni əsilli, lakin bu ölkələrin vətəndaşları
olan şəxslərin, keçmiş sovet ölkələrinin vətəndaşlarının, Yaxın
Şərq ölkələrinin vətəndaşları ilə birlikdə bizə qarşı döyüşməsinə
dair dəlillər var. Ermənistan birinci Qarabağ müharibəsində
muzdlulardan istifadə edirdi. Bu, sirr deyil. Onlardan bəziləri
Azərbaycan tərəfindən zərərsizləşdirilib və ermənilər onların
şərəfinə böyük abidələr ucaldıblar, beynəlxalq terrorçuların
şərəfinə abidələr. Bu, Ermənistanın terrorçu dövlət olduğunu
göstərir.
Azərbaycana gəlincə, birincisi, Suriya İnsan Haqlarının
Müşahidəsi Qrupu adlandırılan QHT etibarlı təşkilat deyil. Biz
onların Suriyadakı müharibə ilə bağlı yaydığı çox sayda feyk
xəbərləri bilirik. Bu, siyasi motivasiyalı olan “QHT”yə etibar,
etimad yoxdur. Birincisi, biz kimin maliyyələşdirdiyini yoxlamalı,
sonra bu şayiələrin arxasında kimin durduğunu öyrənməliyik.
İkincisi, bizə heç bir ölkə tərəfindən bir dəlil belə təqdim
olunmayıb. Yalnız şayiələr, yalnız əsassız bəyanatlar. Mən sübut
tələb etdim. Dedim yaxşı, biz artıq 20 gündən çoxdur ki,
münaqişənin aktiv fazasındayıq, sübutlar haradadır? Bizə dəlil
təqdim edin. Heç bir sübut yoxdur. Ona görə də, bu şayiələrə son
qoyulmalıdır. Azərbaycan özü döyüşür. Bizim heç bir xarici
döyüşçüyə ehtiyacımız yoxdur. Bizim kifayət qədər insanlarımız,
nizami ordumuzda kifayət qədər əsgər və zabitlərimiz var.
Əhalimizin sayı 10 milyon nəfərdir. Əgər bizim əlavə döyüşçüyə
ehtiyacımız olsa, səfərbərlik elan edərik, cəlb edərik. Beləliklə,
buna ehtiyac yoxdur. Bu, tamamilə yanlış məlumatdır.
– Sizin dəfələrlə dediyiniz kimi, heç bir mücahid, hətta
heç bir türkmən yoxdur?
– Xeyr, başqa ölkələrdən gəlmiş Azərbaycan əsilli insanlar ola
bilər. Biz bunu istisna etmirik. Çünki bizdə çox sayda könüllülər
var. İnsanlar könüllü şəkildə öz ölkələrini müdafiə etmək istəyə
bilər. Biz istisna edə bilmərik ki, başqa ölkələrdən Azərbaycan
əsilli insanlar gəlir. Lakin bu, təqdim olunduğu kimi deyil ki,
Azərbaycan döyüşmək üçün terrorçuları dəvət edib. Bu, yanlış
məlumatdır.
– Siz Azərbaycan əsilli həmin könüllülərdən
xəbərdarsınız?
– Mən dedim ki, istisna etmirəm. Ola bilər. Lakin biz xaricdə
yaşayan azərbaycanlılardan gəlib tarixi Vətəni uğrunda döyüşmək
üçün çox sayda müraciət, çox sayda məktub alırıq. Lakin bizim
mövqeyimiz belədir ki, buna ehtiyacımız yoxdur. Döyüş meydanında
kifayət qədər insanımız var.
– Yaponiya şirkətləri Azərbaycanın neft kəməri
layihələrinə qoşulub. Onlar burada investordur. Sizin kəmərlərin
təhlükəsizliyi ilə bağlı narahatlığınız varmı? Bu yaxınlarda, bu il
ərzində açılması planlaşdırılan TAP kəmərinin təxirə salınması
riski varmı?
– Xeyr, TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir. Bu,
artıq edilib. TAP-ın rəsmi açılışı ola bilsin ki, ayların deyil,
əlavə bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan
Avropaya tarixi kəmər tamamlanıb. Bizim digər kəmərlərimizə,
xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan ərazisində bütün
bu illər ərzində, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı
ildən bu yana bizdə heç bir hadisə baş verməyib. Bizim kəmərlərimiz
bizim ərazimizdə lazımi qaydada qorunur. Lakin, əlbəttə, biz
Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar
bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan
Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu
xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlər
ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar
bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin
enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən
ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin
ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar
investisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, Avropa
Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa
İnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalq
banklar investisiya yatırıb. Ona görə də, Ermənistan rəhbərliyi bu
cür variant barədə yaxşı düşünməlidir. Əlbəttə, qeyd etdiyim kimi,
Azərbaycan özü onları sərt şəkildə cəzalandıracaq və mən düşünmürəm
ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürət
göstərəcəklər.
– Sizinlə görüşmək imkanımız çox nadir hallarda
olduğundan, icazə verin, ümumilikdə, ölkənin gələcəyi ilə bağlı bir
neçə sual verim.
– Bəli, buyurun.
– Azərbaycan dünyada sənaye üsulu ilə neft istehsal edən
ilk ölkədir.
– Bəli, doğrudur.
– Sizcə, ölkə postneft dövrünə necə keçəcək? Yaponiya
şirkətlərinin bunda iştirakına dair Sizin hansısa gözləntiləriniz
varmı?
– Bəli, əlbəttə ki, bizim iqtisadiyyatımızın şaxələndirilməsi
ilə bağlı gündəliyimiz var və bu proses uğurla davam edir. Hətta
baxmayaraq ki, bu il ümumi daxili məhsulumuz aşağı düşür – çox
ciddi deyil, indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa
ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft
sənayesinə gəldikdə, bizdə artım var. Bu, onu göstərir ki, bizim
şaxələndirmə proqramımız çox uğurla icra olunur. Sənaye, biznes
imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə
ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi. Əlbəttə ki, əsas
məsələyə gəlincə, biz indi Azərbaycanın öz ərazilərini azad
etdiyini görürük. Biz, ilk olaraq, on minlərlə hektar torpağı su
ilə təchiz edəcək çox mühüm su anbarını azad etdik. Ermənistan
faktiki olaraq bizə qarşı ekoloji terror törədib. Onlar Tərtər
çayının qabağını bağlayırdılar və beləliklə, yüz minlərlə hektar
torpaq su ilə təchiz olunmurdu. Onlar bunu yayda, insanların
ehtiyacı olanda bağlayırdılar və qışda açırdılar, bu isə daşqına
səbəb olurdu. Beləliklə, Ermənistanın terrorçu xisləti hər
addımdadır. Biz əraziləri geri qaytarandan sonra, – bu, müxtəlif
məhsullar becərmək, mal-qara saxlamaq üçün çox münbit torpaqlardır,
– əlbəttə ki, bu, kənd təsərrüfatımızın inkişafına yeni təkan
verəcək. Biz ərazilərin azad edilməsi ilə əlaqədar kənd
təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa
başlamışıq. Əlbəttə, düşünürük ki, insan kapitalına investisiyalar
bizə inkişaf üçün yaxşı imkanlar yaradacaq. Çünki bir gün neft və
qaz tükənəcək, baxmayaraq ki, bizim ehtiyatlarımız çox böyükdür.
Biz böyük həcmdə təbii qaz ixrac etməyə yenicə başlamışıq və neft
istehsalı sahəsi qarşıdakı onilliklərdə, ümumilikdə, sabit olacaq.
Lakin, əlbəttə ki, qeyri-neft sektoru prioritetdir.
Yaponiya şirkətlərinə gəlincə, onlar burada enerji sahəsində çox
fəaldırlar. Yaponiya banklarından alınan kreditlərlə biz Bakıda iki
böyük elektrik stansiyası tikmişik. Onların gücü 800 meqavata
yaxındır. Beləliklə, bu elektrik stansiyaları istehlakımızın və
ixracımızın əhəmiyyətli hissəsini təmin edir. Yeri gəlmişkən, biz
həm də elektrik enerjisini ixrac edirik. Biz Yaponiya şirkətlərini
hazırda prioritetlərdən biri olan bərpaedilən enerji sahəsində
görmək istəyirik. Biz artıq bəzi investorlarla ilkin razılaşmalar
imzalamışıq. Beləliklə, əminik ki, çox ümidverici olan və xüsusilə
Abşeron yarımadasında günəş və çoxlu külək sayəsində potensialı
olan bu sahədə və bir çox başqa sahələrdə əməkdaşlıq olacaq. Bu gün
Yaponiya şirkətləri ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcə
də kənd təsərrüfatı sahələrində əməkdaşlığımız var. Biz Yaponiya
ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən
məmnunuq.
– Siyasi islahatlar barədə nə deyə bilərsiniz? Əsasən
Qərb ölkələri tərəfindən tənqidlər var ki, Siz özünüz atanızdan
sonra hakimiyyətə gəlmisiniz, indi xanımınız Birinci
vitse-prezidentdir. Siz demokratiyanı təşviq etməyə, müxalifətə
hakimiyyətə yol açmağa hazırsınızmı?
– Düşünürəm ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir.
Azərbaycanda bütün əsas azadlıqlar təmin olunub, siyasi fəaliyyət
azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma
azadlığı, dini etiqad azadlığı. Bununla bağlı məhdudiyyət yoxdur.
Yeri gəlmişkən, bizdə internet azaddır. Bizi tənqid etməyə
çalışanlar şayiələr yaymaqdan, Azərbaycanın guya demokratiya
sahəsindəki çatışmazlıqlarını siyasi məqsədlər üçün, siyasi təzyiq
məqsədilə istifadə etməkdənsə, məzmuna baxmalıdırlar. İndi mən yeni
siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi
partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Yeri
gəlmişkən, bu, toqquşmalardan əvvəl olub. İndi, əlbəttə ki, siyasi
partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin
qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir.
Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiya
Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq
Cəbhəsi partiyası və Müsavat partiyasıdır. Yeri gəlmişkən, bu iki
partiya mənim siyasi dialoqla bağlı təklifimi qəbul etmədi. Mən bu
təklifi bir neçə ay bundan əvvəl etmişdim. Mən demişdim ki, bizim
normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında,
aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil
münasibətlərə ehtiyacımız var. İndi zənnimcə, 50 və ya ondan da çox
partiya bunu dəstəklədi. Biz siyasi dialoqun çox aktiv
fazasındayıq.
Yalnız iki partiya, birbaşa maliyyələşdirməsi kənardan gələn,
həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistanın
ərazilərimizi işğal etdiyi zaman – 1992-1993-cü illərdə
hakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görə
məsuliyyət daşıyan bu iki partiya, Xalq Cəbhəsi və Müsavat.
Ərazilərin itirilməsinə görə məsuliyyət daşıyan o insanlar bu gün
həmin partiyaların demək olar ki, 30 ildir rəhbərləridir. Heç kim
demokratiyadan danışmır, heç kim onların bu vəzifədə demək olar ki,
30 il ərzində necə qaldıqları barədə danışmır. Buna görə bizi
tənqid etmək istəyənlər yaxşı olardı ki, güzgüyə baxsınlar. Bizim
gözümüzün önündə, beynəlxalq ictimaiyyətin gözü önündə dırnaqarası
demokratiyalarda nümayişlərin necə dağıdıldığını, insanların
mitinqlərdə necə öldürüldüyünü, yaralandığını, xəsarət aldıqlarını
görürük. Biz bunları hər həftə görürük. Etirazçıları dağıtmaq üçün
polisin itlərdən və atlardan necə istifadə etməsini görürük. Siz
bunu Azərbaycanda görməyəcəksiniz, heç vaxt. Buna görə bizi tənqid
edənlər, yaxşı olardı ki, öz işləri ilə məşğul olsunlar. O ki
qaldı, sizin mənim atamın davamçısı kimi dediklərinizə, bəli, bu,
həqiqətdir. Lakin mən atamın xələfi olmamışdan əvvəl uzun illər
idi, 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü idim. 1997-ci
ildən bəri mən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Mən
aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr
müavini və sədrin birinci müavini olmuşdum və Baş Nazir olmuşdum.
Beləliklə, mənim siyasi karyeram beynəlxalq müşahidəçilərə məlumdur
və əlbəttə ki, onlar bunun onların təqdim etmək istədiyi kimi
olmadığını bilirlər. Xələf olmaq haqqında danışdıqda, niyə heç kim
Buş ailəsi, onların bir-birinin necə davamçısı olması haqqında
danışmır? Niyə heç kim Klinton ailəsi haqqında, xanımın dövlət
katibi və sonra da prezident namizədi olması haqqında danışmır və
bunun kimi bir çox hallar var. Bu məsələni qaldırmazdan əvvəl, qoy,
onlar özlərinə baxsınlar. Xanımıma gəldikdə, mənim xanımım 2005-ci
ildən bəri parlamentin üzvü olmuşdur. O, sosial və humanitar
sahələrlə bağlı olan məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyük
qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti olub
və olmağa davam edir. Onun azərbaycanlılar arasında güclü dəstəyi
var. Siz küçədə istənilən şəxsdən soruşa və onların onu necə
sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni Azərbaycan
Partiyasının sədr müavini olub və olmağa davam edir. Buna görə də
onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət
olmamışdır. Sizə deyə bilərəm ki, mən ona bu vəzifəni təklif
etdikdə, o, bunu o qədər də sevinclə qarşılamamışdır. Sizə deyə
bilərəm ki, ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq
üçün çoxlu vaxtım getdi və mənim arqumentlərim var idi və o,
istəmirdi. O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və
on minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı bir
piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur
duyduğu bir şəxsdir.
–Siz söz azadlığı və interneti qeyd etdiniz. Lakin
sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər var.
– Bunlar müvəqqəti məhdudiyyətlərdir. Bu məhdudiyyətlər
toqquşmalar başladıqdan sonra tətbiq olunmuşdur. Biz xalqımıza elan
etdik ki, bu, milli təhlükəsizlik məsələləridir, çünki biz belə bir
vaxtda informasiya sistemimizi erməni təxribatından qorumalıyıq.
Beləliklə, bu, müvəqqəti səciyyə daşıyır. Toqquşmaların aktiv
fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaqdır.
Lakin sizə deyə bilərəm ki, internetin əhatə dairəsi çox yüksəkdir
və azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridir.
Beləliklə, bu, yalnız müvəqqəti xarakter daşıyır.
– Zati-aliləri, icazə verin, söhbətimizi sonuncu sualla
yekunlaşdırım. Gəlin, ümidverici bir məqamla bitirək. Sizin
münaqişənin sülh yolu ilə nizamlanmasına ümidiniz varmı? Sülh
Ermənistan və Azərbaycana nə verə bilər? Çünki Ermənistan dənizə
çıxışı olmayan ölkədir, sərhəd burada qapalıdır, Türkiyə tərəfində
sərhəd qapalıdır, onların iqtisadiyyatı tənəzzülə uğrayır. Sülh iki
ölkəyə nə verə bilər?
– Bəli, əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə
dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi
ümid edirəm. İndi məsələn, Azərbaycan və Gürcüstan arasında
əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Biz strateji tərəfdaşıq və
bizim Gürcüstanın hazırkı hökuməti ilə mükəmməl əlaqələrimiz var.
Biz bir-birimizi dəstəkləyirik, biz yaxşı qonşu və dostuq. Baxın,
biz birlikdə nə qədər layihə icra etmişik, neftin nəqli, qazın
nəqli, elektrik enerjisinin nəqli, dəmir yolu bağlantısı,
Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP
və bir çox başqa layihələr. Azərbaycan, zənnimcə, Gürcüstanda
Türkiyə ilə birlikdə birinci və ya ikinci ən böyük investordur.
Birinci və ya ikinci ən böyük vergi ödəyicisidir. Yeri gəlmişkən,
1990-cı illərin ortalarında, boru kəmərinin tikintisi məsələsi
müzakirə olunanda Qərbdən bu boru kəmərinin Ermənistandan keçməsi
ilə bağlı bəzi təkliflər var idi. Lakin belə olan halda Ermənistan
əraziləri boşaltmalı idi və belə olduqda boru kəməri Azərbaycandan
Ermənistana, sonra Naxçıvana və oradan Türkiyəyə keçə bilərdi. Bu,
ən qısa marşrut idi. Xəritəyə baxsanız, siz boru kəmərinin keçdiyi
marşrutu görəcəksiniz. Ermənistandan yan keçmək üçün o, bu cür
çəkilib. Lakin ermənilər düşünürdü ki, biz bu boru kəmərini inşa
edə bilməyəcəyik. Ona görə onlar yox dedilər. Hesab edirəm ki, indi
onlar buna çox peşmandırlar. İşğala görə onlar dalana dirəniblər.
Onlar hesab edirdilər ki, biz boru kəmərlərini, dəmir yollarını
inşa edə bilməyəcəyik. Onlar həmişə Qars-Gümrü dəmir yolunun
istismarını dəstəkləyirdilər. Bu dəmir yolu mövcud idi, lakin
Ermənistanın işğalına görə bizim qardaş Türkiyə onu bağlamışdır.
Beləliklə, əslində, Ermənistanın dənizə çıxışı var, lakin
Azərbaycana qarşı təcavüzə və Türkiyəyə qarşı ərazi iddialarına
görə onların Türkiyə ilə sərhədi yoxdur. Bəlkə siz bilmirsiniz,
lakin onların konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer
alır. Türkiyə kimi qüdrətli ölkəyə qarşı ərazi iddialarına indiki
vaxtda malik olmaq üçün gərək ağılsız olasan. Lakin bu, onların
ideologiyasının mahiyyətidir. Danışıqlar aparılan zamanı əvvəlki
Ermənistan hökumətinə mesajlar göndərilmişdir ki, onlar işğala son
qoyduğu təqdirdə Azərbaycan Dağlıq Qarabağda müxtəlif sosial və
iqtisadi layihələri icra edə bilər. Bu mesajlar Minsk qrupunun
həmsədrləri vasitəsilə Ermənistanın əvvəlki prezidentlərinə
göndərilmişdir və onlar bunları rədd etmişdir. Bu gün Dağlıq
Qarabağda insanlar yoxsulluq içində yaşayırlar. Bilirsiniz, orada
tam işsizlik, yoxsulluq hökm sürür və infrastruktur dağıdılıb. Biz
sərmayə yatırmağa hazır idik. Lakin biz dedik ki, əraziləri
boşaldın və biz sizə kömək edərik. Bu gün biz özümüz əraziləri azad
etdikdə, əlbəttə ki, biz o insanlara, Dağlıq Qarabağda yaşayan
ermənilərə və sözsüz ki, bu ərazini yenidən qurmaq üçün qayıdacaq
azərbaycanlılara kömək edəcəyik. Lakin əgər Ermənistan konstruktiv
addımlar atsa və əraziləri boşaltsa, əlbəttə ki, biz bütün
kommunikasiyaları açacağıq. Mən bilirəm, həmçinin Türkiyə
hökumətinin mövqeyi barədə də eşitmişəm ki, onlar da Ermənistanın
əraziləri boşaltdığı təqdirdə kommunikasiyaları açacaqlar. Onda
Cənubi Qafqazda vəziyyət tamamilə dəyişəcəkdir.
– Cənab Ərdoğan bu niyyəti barədə Sizə bir şey
deyibmi?
– Ola bilsin biz bunu birbaşa müzakirə etməmişik. Lakin,
əlbəttə, biz bilirik ki, belə bir mövqe var. Ermənistan-Türkiyə
sərhədi işğala görə bağlıdır. İşğala son qoyulsa, sərhəd açılacaq.
Bu, Türkiyə hökumətinin rəsmi mövqeyidir və ermənilər bunu
bilirlər. Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan
Ermənistanın gələcəyi yoxdur. Çünki bazar kiçikdir və daha da
kiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir. Bizdə olan məlumata
görə, bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır,
iki milyondan az və o, daha da azalacaq, çünki iş yoxdur, xüsusilə
indi, onlar, necə deyərlər, işğal olunmuş çox məhsuldar
torpaqlardan məhrum olduqda. Siz səmadan çəkilmiş təsvirlərə
baxsanız, onların bizim torpaqlardan qeyri-qanuni məhsullar üçün
necə istifadə etdiklərini görərsiniz. Onlar nəinki bizim
torpağımızdan, Kəlbəcərdə bizim qızıl mədənlərindən istifadə
edirlər. Fəaliyyətlərini dayandırmadığı təqdirdə, orada bizim
məhkəməyə verəcəyimiz əcnəbi şirkətlər var. Yeri gəlmişkən, onlar
istənilən halda tezliklə fəaliyyətlərini dayandıracaqlar.
Beləliklə, bu mühüm kənd təsərrüfatı seqmentindən məhrum
olduqlarına görə onlar hətta daha çox problemlərdən əziyyət
çəkəcəklər və tənəzzülə uğrayacaqlar, biz isə inkişaf edəcəyik.
Bizim əhalimiz artır. Türkiyənin əhalisi 83 milyondur, Azərbaycanın
əhalisi 10 milyondur, Ermənistanın əhalisi isə iki milyondan azdır.
Onlar məntiqli olmadığı təqdirdə, işğala son qoymadığı təqdirdə
burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqında
düşünməlidirlər. Onlar artıq bu təcavüzə son qoymalıdırlar. Biz
döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ feyk idi.
Onların ordusu qaçır. Biz onları məğlub edirik. Biz onlara qalib
gəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam
edəcəyik.
-Bu imkana görə çox sağ olun. Bakıda olmaq həmişə bizdə
məmnunluq hissi oyadır.
– Təşəkkür edirəm.

