Gələn il Azərbaycanda 5 KSES istifadəyə veriləcək

Baş səhifə

Bakı. Trend:

Hazırda Kəlbəcər və Laçında Həkəri və Tərtər çayları üzərində
özəl investisiyalar hesabına 13 MVt gücündə 4 kiçik su elektrik
stansiyasının (KSES) tikintisi davam edir, 2026-cı ildə isə 5 əlavə
stansiyanın istifadəyə verilməsi planlaşdırılır.

Trend xəbər
verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr
Energetiklər Günü münasibətilə “Azərbaycan” qəzetində “Azərbaycan
Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində
bildirilib.




Qeyd edilib ki, Araz çayı üzərində 100 MVt gücündə “Xudafərin”
və 40 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının
tikintisinə başlanması üçün tender prosesinə hazırlıq görülür:
“Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda su, günəş, külək və damüstü
panellər hesabına istehsal gücünün 1,6 QVt-a çatması gözlənir, bu
isə daxili tələbatdan iki dəfə artıq enerjinin “Cəbrayıl” enerji
qovşağı vasitəsilə ixracına və bölgədə yeni imkanların yaranmasına
yol açacaq”.

Vurğulanıb ki, su elektrik stansiyaları bölgənin “təmiz enerji”
təminatının əsas mənbəyidir: “Ötən il istehsal olunan 573 milyon
kilovat/saat elektrik enerjisinin 40 faizi regionun daxili
tələbatını ödəyib, 60 faizi isə ölkənin ümumi enerji sisteminə
ötürülüb. Su elektrik stansiyalarının ümumi gücünün 500 MVt-a
çatdırılması planına uyğun olaraq, indiyə qədər 307 MVt gücündə 38
stansiya istismara verilib. Bu, il ərzində 800 milyon kVt·saatdan
çox “yaşıl enerji”nin istehsalı, 200 milyon kubmetrdən artıq təbii
qaza qənaət edilməsi, istixana qazı emissiyalarının isə 400 min
tondan çox azalması deməkdir”.