Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şura və Komitəsinə namizədliyini irəli sürüb

Baş səhifə

Bakı. Trend:

Bu il 9 – 27 noyabr tarixlərində Qətərdə Beynəlxalq
Telekommunikasiya İttifaqının (BTİ) növbəti Səlahiyyətli
Konfransının keçirilməsi nəzərdə tutulur. Dörd ildən bir təşkil
olunan tədbirdə İttifaqın Baş katibi, Baş katibin müavini,
büroların direktorları, o cümlədən qurumun Radio Tənzimləmə
Komitəsinə və idarəedici orqanı olan Şuraya üzvlər seçilir.

Azərbaycan 2027 – 2030-cu illər üzrə BTİ Şurasına üzvlük üçün
namizədliyini təqdim edib. Eyni zamanda AZCON Holding-in
strukturuna daxil olan Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos)
Radiotezliklərin idarəolunması şöbəsinin müdiri Sitarə Mehdiyevanın
Radio Tənzimləmə Komitəsinin üzvlüyünə namizədliyi irəli
sürülüb.

Ölkəmiz 2014, 2018 və 2022-ci illərdə keçirilmiş BTİ
səlahiyyətli konfranslarında Şuraya üzv seçilib. Azərbaycanın
Şurada təmsil olunması qurumun qərar qəbuletmə və idarəetmə
proseslərində fəal iştirakına, milli maraqların müdafiəsinə və
informasiya-kommunikasiya texnologiyaları sahəsində prioritetlərin
təşviqinə mühüm töhfə verib.




Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
nümayəndəsi 2018 və 2022-ci illərdə ardıcıl olaraq Radio Tənzimləmə
Komitəsinin üzvü seçilib.

BTİ Konstitusiyasına əsasən, Şuranın üzvləri Səlahiyyətli
Konfrans tərəfindən ədalətli coğrafi bölgü prinsipi nəzərə
alınmaqla seçilir. Radio Tənzimləmə Komitəsinin üzvləri isə
təşkilata üzv dövlətlərin irəli sürdüyü namizədlər arasından
müəyyən edilir.