Peşə təhsili üçün müraciət edənlərin yaş həddi açıqlanıb – Hesabat

Baş səhifə

Bakı. Trend:

2025-2026-cı tədris ilində peşə təhsilinə müraciət edənlərin yaş
həddi açıqlanıb.

Bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2025-2026-cı tədris
ili barədə yaydığı hesabatda əks olunub.

Nazirliyin rəsmi saytında dərc olunana hesabata əsasən ötən tədris
ilində peşə təhsili üçün müraciət edənlərdən ən aşağı yaş 13, ən
yuxarı yaş həddi isə 78 olub.

Hesabatda qeyd olunub ki, 2025/2026-cı tədris ilində 78 peşə
təhsili müəssisəsində 152 ixtisas üzrə tələbə qəbulu aparılıb.
Ümumilikdə 32 620 plan yeri müsabiqəyə çıxarılıb. Onlardan 23 280-i
dövlət sifarişli, 8 340-ı isə ödənişli əsaslarladır. Müraciət edən
46 789 nəfərdən 27 021 nəfəri peşə təhsili müəssisələrinə qəbul
olunub.

“Tələbələrin 84%-i dövlət sifarişli, 16%-i ödənişli əsaslarla
qəbul olunub. Onların 39%-i (10 489 nəfər) qadınlardır. Peşə
təhsili almaq üçün müraciət edənlərin orta yaş həddi 21, ən aşağı
yaş həddi 13, ən yuxarı yaş həddi isə 78-dir.




Qəbul olunan tələbələrdən 65 nəfəri ali təhsilli, 298 nəfəri
orta ixtisas təhsillidir. Onlardan 84 nəfəri xarici vətəndaşdır.
Peşə təhsilinə müraciət edənlərdən 1254 nəfəri isə cəzaçəkmə
müəssisəsində məhkumdur”, məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, 2026-cı il üçün müəyyən edilmiş
hədəflərə əsasən peşə təhsilinə qəbul olunan tələbələrin sayının 28
140 nəfərə çatdırılması, eləcə də yüksək texniki peşə təhsili ilə
əhatə olunan tələbələrin sayının 10 000 nəfərə yüksəldilməsi
planlaşdırılır.

2025-ci ildə yüksək texniki peşə təhsili səviyyəsində həyata
keçirilən qəbul prosesində isə 2 590 nəfər tələbə adını
qazanıb.

“2022–2026-ci illər üzrə yüksək texniki peşə təhsilinə cəlb
olunanların sayı 7 117 nəfər təşkil edir. 2026/2027-ci tədris ili
üçün müəyyən edilmiş hədəflərə əsasən yüksək texniki peşə təhsili
ilə əhatə olunan tələbələrin sayının 10 000 nəfərə yüksəldilməsi
planlaşdırılır. “Peşə təhsili sisteminin potensialının
gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin Sərəncamına əsasən, 2026–2030-cu illər
ərzində müasir standartlara cavab verən 21 peşə təhsili
müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı
təmirinin aparılması nəzərdə tutulur”, – hesabatda vurğulanıb.