
Bakı. Trend:
Ağ Evin İdarəetmə və Büdcə Ofisi tərəfindən təqdim edilən sənədə
görə, ABŞ administrasiyası İrana qarşı “Epik Qəzəb” əməliyyatının
xərclərini ödəmək üçün Pentaqona əlavə 38,3 milyard dollar
ayrılması üçün Konqresə müraciət edib.
Xarici media yazır ki, bu məbləğə sursat arsenalının bərpası
üçün 21 milyard dollar və İranla münaqişə ilə bağlı əməliyyat
xərclərinin ödənilməsi üçün 17,3 milyard dollar daxildir.
Ümumilikdə, Konqresdən Pentaqona əlavə 67,1 milyard dollar
ayırmağı nəzərdən keçirməsi xahiş olunur. Bu məbləğə həmçinin məxfi
proqramlar çərçivəsində inkişaf üçün 12,1 milyard dollar,
kibertəhlükəsizlik və digər sistemlər üçün 5,1 milyard dollar, hava
hədəflərini aşkarlamaq və kosmik məlumatların ötürülməsi üçün peyk
şəbəkəsinin yaradılması üçün 4 milyard dollar, dronların istehsalı
üçün 2,4 milyard dollar və döyüş hazırlığının saxlanılması, yanacaq
alınması, inzibati tapşırıqlar və Milli Qvardiyaya dəstək üçün 5,2
milyard dollar daxildir.
May ayında Pentaqon “Epik Qəzəb” əməliyyatının xərclərini 29
milyard dollar olaraq qiymətləndirib, lakin bu rəqəmin yekun
olmadığı bildirilib. Bu həftə Strateji və Beynəlxalq Araşdırmalar
Mərkəzi (CSIS) əməliyyat xərcini istifadə olunan sursatın dəyəri də
daxil olmaqla, 36 milyard ilə 42 milyard dollar arasında
qiymətləndirdi.

