
Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı altında dünyanın ən
böyük beynəlxalq dəniz təlimi olan RIMPAC 2026 Havay yaxınlığındakı
Sakit Okeanda başlayıb.
Bu barədə ABŞ Sakit Okean Donanması məlumat yayıb.
Ayın sonuna qədər davam edəcək təlimlərdə 30 ölkənin donanması,
31 yerüstü gəmi, 5 sualtı qayıq, 197 təyyarə və 1100 dəniz piyadası
da daxil olmaqla 30.000 hərbi qulluqçu iştirak edir.
Təlim komandiri ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı
Ceffri Kablonun sözlərinə görə, iştirakçılar sualtı qayıqlara qarşı
müharibə və hava hücumundan müdafiə əməliyyatları, desant
qoşunları, sahil minalarının təmizlənməsi, humanitar yardım,
fəlakətlərin aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatları
üzrə məşqlər edəcəklər.
Vitse-admiral bildirib ki, bu tipik RIMPAC əməliyyatları ilə
yanaşı, təlimə pilotsuz sistemlərdən istifadə etməklə 30-35 təcrübə
də daxil olacaq.

