48 illik bina saniyələr ərzində yox oldu –

Baş səhifə

Türkiyənin Adana şəhərində 1978-ci ildə pambıq istehsalçılarına xidmət göstərmək məqsədilə fəaliyyətə başlayan Çukobirlikin 16 mərtəbəli tarixi inzibati binası kontrollu partlayış üsulu ilə sökülüb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aparılan texniki baxışlar zamanı, xüsusilə son zəlzələlərdən sonra binanın daşıyıcı kolonlarında ciddi zədələnmələr aşkar edilib. Mütəxəssislər tikilinin mövcud vəziyyətdə insanların həyatı və əmlakı üçün risk yaratdığı qənaətinə gəldikdən sonra söküntü qərarı verilib.

Söküntü prosesi bir neçə ay davam edən hazırlıq mərhələsindən sonra həyata keçirilib. Əvvəlcə binanın metal konstruksiyaları sökülüb və bina tamamilə boşaldılıb. Daha sonra ilk dörd mərtəbədəki kolon və daşıyıcı divarlarda 2 mindən çox xüsusi deşik açılıb. Bu nöqtələrə ümumilikdə 420 kiloqram yeni nəsil partlayıcı maddə yerləşdirilib.

Partlayış günü D-400 magistral yolu nəqliyyatın hərəkəti üçün bağlanıb, ətraf ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. Siqnal verildikdən sonra partlayıcılar işə salınıb və 48 illik bina bir neçə saniyə ərzində nəzarətli şəkildə çökdürülüb.

Layihəyə rəhbərlik edən mütəxəssislər bildiriblər ki, ekskavator və ya kranlarla söküntü mümkün olmadığından partlayış üsulu seçilib. Bu metod həm vaxt, həm də maliyyət baxımından daha səmərəli hesab olunub. Mütəxəssislərin sözlərinə görə, söküntü prosesi əvvəlcədən hazırlanan kompüter simulyasiyasına 98 faiz uyğun şəkildə həyata keçirilib.

Hazırda ərazidə dağıntıların təmizlənməsi və qalıqların daşınması işləri davam edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.