
Bakı. Trend:
Prezident İlham Əliyevin 2025-ci ilin 18 oktyabr tarixində
“Kazinform” agentliyinə verdiyi müsahibə Azərbaycan-Qazaxıstan
münasibətlərinin iqtisadi, nəqliyyat, enerji, mədəni və ekoloji
istiqamətlərdə kompleks inkişaf trayektoriyasını aydın şəkildə
nümayiş etdirir. Bu münasibətlər artıq təkcə intensiv diplomatik
əlaqələr anlamında deyil, dərin iqtisadi inteqrasiya və regional
dayanıqlı inkişaf modeli kimi xarakterizə olunur.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin
Mirzəbəyli deyib.
Millət vəkili bildirib ki, iki ölkə arasında iqtisadi
əməkdaşlığın dinamikası xüsusilə son illərdə nəzərəçarpacaq şəkildə
artıb:
“Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya
strukturunun fəaliyyət göstərməsi qarşılıqlı etimad mühitinin və
əlverişli investisiya şəraitinin göstəricisidir. 2024-cü ildə iki
ölkə arasında əmtəə dövriyyəsinin 470 milyon dollara, 2025-ci ilin
ilk səkkiz ayında isə 547 milyon dollara çatması iqtisadi
əlaqələrin sürətli artımını təsdiq edir. Bu artımda əsas amil Orta
Dəhlizin səmərəli istifadəsi, nəqliyyat-logistika sisteminin
modernləşdirilməsi və infrastrukturun qarşılıqlı
inteqrasiyasıdır”.
Deputat vurğulayıb ki, Azərbaycan və Qazaxıstan arasında həyata
keçirilən “2022–2027-ci illər üçün Yol Xəritəsi” bu inteqrasiyanın
əsas strateji sənədlərindən biridir:
“Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən bu dəhliz
Avropa ilə Asiya arasında yeni nəqliyyat arteriyasına
çevrilməkdədir. Burada vahid tarif siyasəti, logistika
mərkəzlərinin inkişafı və yük axınının optimallaşdırılması kimi
mexanizmlər hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir.
Enerji əməkdaşlığı sahəsində də ciddi nəticələr əldə olunub.
SOCAR və “KazMunayQaz” arasında imzalanmış Aktau–Ceyhan marşrutu
üzrə illik 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı
saziş Xəzər regionunda enerji təhlükəsizliyi sistemini gücləndirir.
Aktau və Ələt limanlarının modernləşdirilməsi və logistika
imkanlarının genişləndirilməsi bu marşrutun səmərəliliyini artırır.
Bu istiqamətdə həyata keçirilən tədbirlər Orta Dəhlizin
Avropa-Asiya tranzit marşrutu kimi strateji mövqeyini
möhkəmləndirəcək.
İnfrastruktur sahəsində nəzərdə tutulan ən mühüm layihələrdən
biri isə Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya
xətlərinin tikintisidir. 2025-ci ilin martında Bakıda imzalanmış
müqaviləyə əsasən, bu layihə 2026-cı ilin sonuna qədər tamamlanacaq
və regionda rəqəmsal inteqrasiyanın yeni mərhələsi başlayacaq. Bu,
həm iqtisadi rəqabət qabiliyyətini artıracaq, həm də informasiya
təhlükəsizliyi və texnoloji müstəqillik baxımından strateji
üstünlük yaradacaq.
İki ölkə arasında yaşıl enerji sahəsində əməkdaşlıq da getdikcə
genişlənir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə imzaladığı
sazişlər bərpaolunan enerji mənbələrinin inkişafına, enerji
sistemlərinin birləşdirilməsinə və karbon emissiyalarının
azaldılmasına yönəlib. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiyanın
davamlı inkişaf konsepsiyasının formalaşmasında mühüm addım
sayılır”.
Parlamentarinin sözlərinə görə, Azərbaycan-Qazaxıstan
əməkdaşlığının mədəni və humanitar ölçüləri də paralel şəkildə
inkişaf edir:
“2023 və 2024-cü illərdə qarşılıqlı şəkildə keçirilmiş
Mədəniyyət Günləri xalqlar arasında mədəni körpülərin
möhkəmlənməsinə xidmət edib. Kemel Tokayevin əsərlərinin Azərbaycan
dilində nəşri, onun yubileyinin və Mir Cəlal Paşayevin 115 illik
yubileyinin birgə qeyd olunması bu əlaqələrin dərin mənəvi təməlini
nümayiş etdirir. Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata
keçirilən mədəni və elmi təşəbbüslər, o cümlədən Beynəlxalq Türk
Akademiyasının fəaliyyəti, 1926-cı ildə Bakıda keçirilmiş Birinci
Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması planları
Türk birliyinin ideya-mədəni gücünü daha da artırır”.
Milli Məclisin üzvü əlavə edib ki, Prezident İlham Əliyevin
müsahibəsində xüsusi yer tutan məsələlərdən biri də Xəzər dənizində
ekoloji tarazlığın pozulmasıdır.
“Su səviyyəsinin azalması və dayazlaşma prosesi həm ekoloji, həm
iqtisadi təhlükə yaradır. Bu məsələ yalnız iqlim dəyişikliyi ilə
deyil, həm də regiondakı sənaye təsirlərinin koordinasiyasızlığı
ilə bağlıdır. Dövlət başçısının vurğuladığı kimi, Xəzəryanı ölkələr
arasında elmi informasiya mübadiləsinin gücləndirilməsi,
koordinasiyalı tədbirlər planının hazırlanması və birgə fəaliyyət
mexanizmlərinin formalaşdırılması artıq qaçılmaz zərurətdir. Xəzər
yalnız su hövzəsi deyil, ortaq məsuliyyətin və ekoloji həmrəyliyin
simvoluna çevrilməkdədir.
Mahiyyət etibarilə, Azərbaycan-Qazaxıstan əlaqələri bu gün təkcə
iqtisadi və diplomatik tərəfdaşlıq deyil, həm də mədəni, elmi və
ekoloji birliyə əsaslanan çoxşaxəli inteqrasiya modelidir. Bu model
Türk dünyasının gələcək inkişaf xəritəsində xüsusi yer tutur və
regional sabitlik, dayanıqlı iqtisadi artım, ekoloji məsuliyyət və
mədəni həmrəyliyin vahid konsepsiyasını ifadə edir”, – deyə
E.Mirzəbəyli fikrini yekunlaşdırıb.

