
Bakı. Trend:
Qarabağ mövzusu və orada gedən genişmiqyaslı quruculuq prosesi
bizim üçün prioritet olaraq qalır.
Trend xəbər verir ki, bu sözləri “Qarabağın dirçəlişi müasir
kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda keçirilən
panel sessiyası zamanı jurnalistlərə açıqlamasında Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktorun
müavini Natiq Məmmədli deyib.
O bildirib ki, bu paneldə Qarabağda dirçəliş mövzularının
mediada işıqlandırılması ilə bağlı müzakirələr aparıldı:
“Müzakirələr zamanı müasir “storytelling” texnologiyalarından
istifadə etməklə Qarabağda baş verən böyük qayıdış və quruculuq
proseslərinin medianın diqqətinə necə çatdırılması məsələləri
gündəmə gəldi. Əsas diqqət insan talelərinə yönəldilərək, maraqlı
hekayə formatında mövzuların təqdim edilməsinin həm sosial
şəbəkələr, həm də kütləvi informasiya vasitələri üçün cəlbedici
kontent ola bilər”.
“Bu cür müzakirələrin davam etdirilməsi medianın peşəkarlığının
artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda bir
daha qeyd olundu ki, Qarabağ mövzusu və orada gedən genişmiqyaslı
quruculuq prosesi bizim üçün prioritet olaraq qalır”- deyə Natiq
Məmmədli əlavə edib.

