Bakı. Trend:
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti
informasiya təhlükəsizliyi sahəsində səlahiyyətləri həyata keçirən
mərkəzi icra hakimiyyəti orqanı olaraq dövlət informasiya
sistemləri və ehtiyatlarında toplanan məlumatların təhlükəsizlik
baxımından monitorinqini aparır.
Trend xəbər
verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidmətinin şöbə rəisi Elgin Abdullayev “CIDC 2025 – Critical
Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalı
çərçivəsində baş tutan “Səni tanıyan şəhər: Biometrik nəzarət,
toplanan data, insan hüquqları, mühafizə yolları – hansı daha
vacibdir?” adlı panel sessiyada çıxışı zamanı deyib.
E.Abdullayev bildirib ki, bu monitorinq təhlükəsizlik meyarları
əsasında həyata keçirilir:
“Burada əsasən informasiya təhlükəsizliyinin əsas prinsipləri —
konfidensiallıq, mötəbərlik (bütövlük), əlçatanlıq və obyektivlik
meyarları üzrə qiymətləndirmə aparılır. Məlumatların toplandığı
informasiya ehtiyatları və sistemləri ildə azı bir dəfə obyektiv
audit və qiymətləndirmədən keçirilir.
Biometrik informasiya isə elə bir məlumat növüdür ki, burada
xüsusi tələblər tətbiq olunmalıdır. Bu tələblər təkcə məlumatların
toplandığı sistemlərə deyil, həm də həmin sistemlərdə istifadə
olunan texnoloji avadanlıqlar və proqram təminatlarına da şamil
edilməlidir”.

