Zəfər xronikası. 9 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Sky News” televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

2020-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin “Sky News” televiziya kanalında müsahibəsi
yayımlanıb.

Trend
müsahibəni təqdim edir:

-Skynews-a müsahibə verməyə razılaşdığınız üçün çox sağ
olun Prezident Əliyev. Fransa prezidenti bu günlərdə atəşkəsin
razılaşdırılacağına və Sizin danışıqları bərpa edəcəyinizə əmin
kimi görünür. Bunun başvermə ehtimalı varmı və hansı şərtlər
əsasında?

-Bu, Ermənistanın mövqeyindən asılıdır. Azərbaycan həmişə
danışıqlar prosesini dəstəkləmişdir. Səmimi söyləsəm, ATƏT-in Minsk
qrupunun yaradılmasından bəri 28 il müddətində biz danışıqlarda
iştirak edirik. Bizim ümidlərimiz var idi və indi də ümidlərimiz
var ki, danışıqlar irəliləyişə və münaqişənin siyasi həllinə
gətirib çıxaracaqdır. Lakin əfsuslar olsun ki, Ermənistanın mövqeyi
əksinə idi. Onlar danışıqlardan bu prosesi sonsuz etmək üçün yalnız
bir bəhanə kimi istifadə edirdilər. Başqa sözlə, onlar həmişə
status-kvonu möhkəmləndirmək, status-kvonu dəyişməz olaraq saxlamaq
və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və danışıqlar
masasında olan və ATƏT-in Minsk qrupu tərəfindən işlənib
hazırlanmış prinsiplərə əsasən qaytarmalı olduqları torpaqları
qaytarmamağı istəyirdilər. Buna görə ümid edirəm ki, Ermənistan
döyüş meydanında bu acı məğlubiyyətlə üzləşəndən sonra onlar daha
məntiqli olacaq və vasitəçilərin məsləhətlərinə qulaq asacaqlar,
danışıqlar masasında səmimi olacaqlar. Danışıqlar münaqişənin
siyasi həllinə və işğal olunmuş ərazilərin boşaldılmasına gətirib
çıxarmalıdır.

-Biz hansı ərazilərdən danışırıq? Biz, sadəcə, Dağlıq
Qarabağdan danışırıq, yoxsa onların təhlükəsizlik zonası
adlandırdıqları işğal olunmuş yeddi Azərbaycan rayonundan
danışırıq? Çünki aydındır ki, Siz bu torpaqların hamısını geri ala
bilməyəcəksiniz.

-Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır. Bütün
ölkələr Dağlıq Qarabağın da daxil olduğu Azərbaycanın ərazi
bütövlüyünü tanıyır. Ermənistanın mövqeyi, əslində, yenə də bir
bəhanə idi ki, onlar Dağlıq Qarabağın ətrafında olan bu yeddi
rayonu özlərinin təhlükəsizlik zonası adlandıraraq onları işğal
altında saxlamaq üçün bir bəhanə kimi istifadə edirdilər. Lakin bu
günün toqquşmaları göstərir ki, müasir dünyada təhlükəsizlik zonası
yoxdur. Müasir hərbi avadanlıq hətta uzun məsafələrə belə
təhlükəsizliyi təmin etmir. Təhlükəsizlik siyasi yollarla təmin
olunmalıdır. Buna görə biz həmişə deyirdik ki, siyasi həll bütün
tərəflər üçün – azərbaycanlılar, ermənilər, ərazidə yaşayan digər
millətlər üçün təhlükəsizlik qarantiyalarını təmin edəcək.
Ermənistanın dəstəkləməkdən imtina etdiyi əsas prinsiplərdə
torpaqların açıq-aydın necə geri qaytarılacağı göstərilir. Birinci
mərhələdə Dağlıq Qarabağın cənub-şərq tərəfində yerləşən beş
Azərbaycan rayonu, sonra Dağlıq Qarabağ və Ermənistan arasında
yerləşən iki Azərbaycan rayonu qaytarılmalıdır. Sonra
azərbaycanlılar Dağlıq Qarabağa qayıdırlar. Dağlıq Qarabağda 25
faiz azərbaycanlı əhali olub, onların da hüquqları təmin
edilməlidir. Onlar yaşadıqları yerə – qədim Şuşa şəhərinə və digər
yerlərə qayıdırlar və biz normal kommunikasiyaları bərpa edirik.
Biz xalqlar arasında təmasları bərpa edirik. Mən əminəm ki,
insanlar yavaş-yavaş barışacaqlar. Bu, vasitəçilərin planıdır və
biz bunu dəstəkləyirik.

-25 faiz azərbaycanlı əhalinin Dağlıq Qarabağa
qayıtmasına icazə verilsə, siz Dağlıq Qarabağın müstəqilliyini
tanıyarsınız?

-Xeyr. Heç vaxt. Bu məsələ heç vaxt danışıqlar masasında
olmamışdır. Bizim mövqeyimiz çox aydın idi ki, Azərbaycan heç vaxt
Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. Çünki bu, bizim qədim
torpağımızdır. Dağlıq Qarabağın tarixi indi yaxşı məlumdur.
İkincisi, bu, Azərbaycanın tərkib hissəsidir və biz kiçik sayda
olan insanlara nəyə görə müstəqillik verməliyik? Azərbaycan
dünyadakı bütün ölkələr kimi multietnik ölkədir. Milli azlıqlar
Azərbaycanda və dünyanın bir çox ölkələrində sülh və ləyaqət içində
yaşayırlar. Milli azlıq olmaq o demək deyil ki, sizin ayrılmağa,
separatizmə hüququnuz var. Separatizm beynəlxalq ictimaiyyət üçün
böyük təhlükədir və dünyanın bütün ölkələri separatizmi qınayır.
Bizə qarşı edilənlər Dağlıq Qarabağdakı ermənilərin separatizmi və
Azərbaycana qarşı Ermənistan dövlətinin hərbi təcavüzü idi. Bu da
bizim indi üzləşdiyimiz vəziyyətə gətirib çıxarıb. İşğal, bir
milyon azərbaycanlı köçkün, azərbaycanlılara qarşı etnik təmizləmə,
dağıdılmış şəhər və kəndlər. İndi biz ərazilərimizi azad etdikdə
orada baş verənlərə dair videolar mövcuddur. Hər şey məhv edilib,
sanki Stalinqraddır, İkinci Dünya müharibəsindən sonra Stalinqradın
vəziyyətindən daha da pisdir.

-Lakin Siz regionun paytaxtı olan Stepanakertə qarşı elə
bunu edirsiniz. Siz bunu Şuşaya qarşı edirsiniz, hansı ki, dünən
bir yox, iki dəfə atəşə tutulmuşdur. Oradakı kilsəyə iki dəfə zərbə
vurulmuşdur və açıq-aydın idi ki, orada mülki şəxslər və
jurnalistlər özlərinə sığınacaq tapmışdılar.

-Birincisi, bu Ermənistan tərəfindən təxribat idi. Biz heç vaxt
keçmişdə belə şeylər etməmişik. Bizdə Bakının mərkəzində erməni
kilsəsi var. Siz buraya gələ və ya kimisə göndərə
bilərsiniz….

-Xeyr, xeyr. Ermənilər öz kilsələrini atəşə tutmazlar
ki? Bu, necə ola bilər?

-Bu, bizi belə tərzdə təqdim etmək üçün çox güman ki, onların
təxribatıdır. Lakin mən sizə deyə bilərəm ki, onlar bizim şəhərləri
atəşə tuturlar. Ermənistanın bombardmanı nəticəsində 31 nəfər mülki
şəxsimizin öldüyünü bilirsinizmi? 170 yaralı var və mindən çox ev
tamamilə dağıdılıb və ya onlara ziyan dəyib və bu da Ermənistanın
bizim mülki şəxslərimizə qarşı hücumu nəticəsində olub. Onlar
ballistik mərmilərdən istifadə edirlər. Ballistik mərmilərdən.

-Lakin Siz bunu Dağlıq Qarabağda öz mərmilərinizlə
edirsiniz. Sizin çox müasir dron texnologiyanız var ki, o, Sizə
hədəf aldıqlarınızı dəqiqliklə görməyə imkan verir. Beləliklə, niyə
görə mülki obyektlərə zərbə vurulur?

-Xeyr, xeyr. Biz heç vaxt mülki şəxslərə hücum etmirik. Bizim
Dağlıq Qarabağ ərazisində etdiklərimiz ondan ibarətdir ki, biz
onların tanklarını, silahlarını, artilleriya sistemlərini hədəfə
almışıq və həmçinin biz onların hərbi infrastrukturunu hədəf
almışıq. Bu hərbi infrastrukturun bəzən şəhər mərkəzində yerləşməsi
bizim günahımız deyil. Lakin biz heç vaxt qəsdən mülki şəxsləri
hədəf almamışıq. Bəli, bizim müasir silahlarımız var, lakin onların
heç də hamısı müasir deyil. Bəzi səhvlər ola bilər. Ona görə bizim
tərəfdən mülki şəxslərin qəsdən hədəf alınması heç vaxt baş
verməmişdir. Əksinə, təmas xəttinə çox yaxın yerləşən Tərtər şəhəri
bombardmana məruz qalır. Gündə şəhərə 2000 mərmi düşür. Demək olar
ki, məhv edilib. Heç kim bunun haqqında danışmır. Ona görə xahiş
edirəm ki, gəlin, bu məsələdə ədalətli olaq. Biz bunu başlamamışıq
və bizim mülki şəxsləri hədəfə almağa ehtiyacımız yoxdur. Bizə
ərazilərimiz lazımdır. Müharibə bitdikdən sonra yanbayan
yaşayacağımız mülki şəxsləri niyə görə hədəfə alaq ki? Dağlıq
Qarabağdakı erməni əsilli insanlar oradakı kriminal rejiminin
girovlarıdır. Əminəm ki, müharibə bitdikdən sonra onlar bizimlə
sülh və ləyaqət içində yanbayan yaşayacaqlar.

-Siz qeyd etmisiniz ki, Ermənistanın öz qoşunlarını
çıxarmasını görmək istəyirsiniz. Lakin Siz, eyni zamanda, onu da
söyləmisiniz ki, orada sülhməramlıları qəbul etməyə hazır
deyilsiniz. Onda Siz erməni həmkarlarınızı necə əmin edə bilərsiniz
ki, bütün torpaqları geri götürməyəcəksiniz?

-Siz mənə sülhməramlıları görmək istəmədiyimi nə vaxt
söylədiyimi desəniz sizin sualınıza cavab verərəm. Amma mən bunu
heç vaxt deməmişəm. Bu, yanlış informasiyadır, üzr istəyirəm. Mən
heç vaxt deməmişəm…

-Lakin Siz bu ərazidə sülhməramlıları qəbul etməyə
hazırsınızmı?

-Sülhməramlılar ATƏT-in Minsk qrupu tərəfindən münaqişənin həlli
üçün işlənib hazırlanmış əsas prinsiplərdə təmin edilən ünsürlərdən
biridir və sülhməramlılarla bağlı bənd var. Lakin biz bu bəndə
çatmamışıq ki, onu lazımi şəkildə müzakirə edək, çünki tezdir.
Çünki biz ilk olaraq əsas məsələni – işğalı, ərazilərin
boşaldılmasını həll etməliyik və azərbaycanlılar oraya qayıdandan
sonra əlbəttə ki, sülhməramlılar gəlməlidirlər. Bu, razılaşma
çərçivəsindədir. Əgər bu, hər iki tərəfdən imzalansa, onda hər iki
tərəf bu sülhməramlıların kim olacağını seçəcək. Beləliklə, biz
buna qarşı deyilik. Lakin biz faktiki olaraq bu bəndlə bağlı
danışıqların aktiv fazasında deyilik.

-Sizin danışıqlarla bağlı şərtləriniz sonuncu
genişmiqyaslı hərbi əməliyyatlar başlamamışdan əvvəl dəyişməz
olaraq qaldığı kimi görünür. Mənə maraqlıdır, əgər danışıqlar
əvvəllər heç vaxt uğurlu olmayıbsa nəyə görə silahlar indi işə
düşüb?

-Bilirsiniz, danışıqlar 1992-ci ildən aparılır. Həmin vaxtdan
bəri sıfır irəliləyiş olub. Ermənistan həmişə danışıqları pozmaq
üçün bəzi manipulyasiya alətlərindən istifadə edirdi. Bu il iyuldan
başlayaraq onlar bizə qarşı 3 dəfə hərbi hücuma keçdilər. İyulda
onlar Ermənistanla Azərbaycan arasındakı sərhəddə, Qarabağ
regionundan uzaqda bizim mülki şəxslərimizə və hərbi mövqelərimizə
hücum etdilər. Bu, 4 gün davam etdi, biz onları geri oturtduq.
Onlar ərazi işğal edə bilmədilər və biz dayandıq, çünki bizim
Ermənistan tərəfdə heç bir hərbi məqsədimiz yoxdur. Avqustun 23-də
onlar terror aktı törətmək üçün diversiya qrupu göndərdilər, qrupun
rəhbəri saxlanıldı və o, ifadə verir. Sentyabrın sonunda onlar
bizim şəhərlərimizi artilleriya bombardmanına tutdular və günahsız
insanları öldürdülər. Biz cavab verməli olduq. Biz onları geri
oturtmalı idik və bunu da etdik. Ona görə də biz danışıqların
tərəfdarıyıq. Mən sizə iki misal çəkə bilərəm. Ötən il Ermənistanın
baş naziri elan etdi ki, “Qarabağ Ermənistandır”. Bu, nə deməkdir?
Bu, son deməkdir.

– Mən ondan bunun nə demək olduğunu
soruşdum.

– Nəyi nəzərdə tuturdu?

– O dedi ki, bu, o deməkdir ki, IV əsrdən bu yana orada erməni
kilsələri, erməni əhalisi olub. Sovet İttifaqı qurulandan Dağlıq
Qarabağda etnik erməni əhali azərbaycanlılardan daha çox olub.

– Bilirsiniz, o, yumşaq desək, həqiqəti söyləmir. O ərazidə
ermənilərin məskunlaşması XVIII əsrin sonunda, XIX əsrin əvvəlində
azərbaycanlı İbrahim xanla rus generalı tərəfindən imzalanmış
Kürəkçay müqaviləsindən sonra başlayıb. Həmin müqavilə nəticəsində
Qarabağ xanlığı Rusiyanın bir hissəsi oldu və Rusiya başladı…

– Üzr istəyirəm.

– Bu, məhz belə olub. Ermənilər Dağlıq Qarabağa belə gəliblər.
Bu, cəmi iki əsrdən azdır. O, IV əsrdən danışır.

– Siz bu əsrin əvvəlindən hakimiyyətdəsiniz və bu məsələ
ilə bağlı heç bir irəliləyiş yoxdur. Erməniləri günahlandırmaq
asandır, lakin Siz siyasi cəhətdən bunu həll edə bilmədiyiniz üçün
əsgərlərinizin indi cəbhə xəttində öldüyünə görə şəxsən öz
üzərinizə məsuliyyəti götürürsünüzmü?

– Bizim əsgərlərimiz öz torpağımız uğrunda həlak olurlar. Bizim
əsgərlərimiz tarixi və beynəlxalq səviyyədə tanınmış Azərbaycan
torpağında həlak olurlar. Erməni əsgərlər hansı torpaqda ölürlər?
Onlar Füzulidə ölürlər, Cəbrayılda ölürlər, onlar digər Azərbaycan
ərazilərində ölürlər. Onların orada nə işləri var? Siz Paşinyandan
soruşmalısınız onun əsgəri orada nə edir? Qondarma “Dağlıq Qarabağ
ordusu”nun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Onlar
bizim torpağımızdadırlar. Xəritəyə baxmaq kifayətdir. Bizim üçün
bu, Vətən Müharibəsidir. Biz özümüzü müdafiə edirik. Biz öz ərazi
bütövlüyümüzü bərpa etmək istəyirik ki, bir milyon köçkünün geri
qayıtmasına imkan yaradaq. Bizim etdiyimiz budur. Biz 28 il idi
səbirlə inanırdıq ki, danışıqlar irəliləyişə gətirib çıxaracaq.
Nəticədə hazırkı vəziyyət yarandı. Biz təcavüzkarı geri oturdub
cəzalandıranda, bilirsiniz ki, siyasi cəhətdən hücuma məruz qaldıq.
Mən əsas prinsipləri qəbul etdim, Paşinyan isə rədd etdi. Mən
Ermənistanla Azərbaycan arasında olan danışıqların formatını qəbul
edirəm. Paşinyan isə deyir ki, yox, Azərbaycan Dağlıq Qarabağla
danışıqlar aparmalıdır. Bu, təkcə mənim tərəfimdən deyil, Minsk
qrupu tərəfindən də qəbuledilməzdir. Beləliklə, hazırda baş
verənlərə görə onu günahlandırmaq lazımdır.

– Fransızlar və ruslar deyirlər onlarda kəşfiyyat
məlumatı var ki, Sizin cəbhə xəttində suriyalı muzdlulardan
istifadə olunur. Siz bunu qəti şəkildə inkar
edirsiniz?

– Tamamilə qəti şəkildə. İndiyə kimi mənə bu kəşfiyyat
məlumatını təsdiqləyən bir sənəd belə təqdim olunmayıb. Qoy onlar
bu kəşfiyyat materialını mənə göstərsinlər. Bu ittihamlar
səsləndiriləndən sonra bizim kəşfiyyat nümayəndələri təmaslar
qurdular. Öz həmkarları ilə bu təmaslar zamanı heç bir dəlil təqdim
olunmadı. Əgər dəlil varsa, niyə qəzetlərdə yoxdur, niyə sizin
kanalınızda yoxdur? Bu dəlil haradadır? Göstərin onu mənə. Dəlil
yoxdur. Bizim muzdlulara ehtiyacımız yoxdur. Bizim yaxşı
hazırlanmış, yaxşı təlim keçmiş yüz min döyüşçümüz var. Bizim
müasir avadanlığımız var. Bizim öz torpağımızı azad etmək üçün
bütün lazımi hərbi komponentlərimiz var. Bizim etdiyimiz məhz
budur. Bu, feyk xəbərdir.

– Sonuncu sual. Siz bu mərhələdə danışıqlara yenidən
başlamaq üçün masaya hansı xoşməramlı jestlə gələ
bilərsiniz?

– Biz artıq bunu etdik. Yeri gəlmişkən, kimin danışıqların
əleyhinə olması ilə bağlı sizə bir söz də deyə bilərəm. Hələ bu
müharibə başlamazdan əvvəl Azərbaycan və Ermənistanın xarici işlər
nazirləri Minsk qrupunun həmsədrləri ilə görüşmək üçün Cenevrəyə
dəvət olunmuşdular. Ermənistanın xarici işlər nazirinin oktyabrın
əvvəlində səfər edəcəyi gözlənilirdi, bizim xarici işlər nazirinin
oktyabrın 8-də səfər edəcəyi gözlənilirdi. Beləliklə, Ermənistanın
xarici işlər naziri buna məhəl qoymadı, getmədi. Bizim xarici işlər
naziri dünən Cenevrədə həmsədrlərlə görüş keçirdi. Biz Ermənistan
və Azərbaycan xarici işlər nazirləri arasında görüşün Rusiyada
təşkil olunması ilə bağlı Rusiyadan təklif alanda razılaşdıq.
Beləliklə, bizim xarici işlər naziri bir saat əvvəl Moskvaya çatıb.
O, rusiyalı həmkarı ilə görüşəcək, mən proqramın necə olacağını,
onun Ermənistanın naziri ilə görüşüb-görüşməyəcəyini bilmirəm,
lakin o, oradadır. Biz sülh yolu ilə həll istəyirik, amma həll. Biz
həll istəyirik, imitasiya yox, daha 30 il ərzində boş sözləri yox,
praktiki addımları, vaxt cədvəlini, insanlarımızın evlərinə nə vaxt
qayıdacağını, onlar üçün təhlükəsizlik zəmanətinin nədən ibarət
olacağını və bizim necə barışacağımızı bilmək istəyirik. İki millət
barışmalıdır. Biz qonşuyuq. Biz əbədi olaraq düşmənçilik şəraitində
yaşaya bilmərik. Bu, dayandırılmalıdır. Lakin tarixi həqiqət və
beynəlxalq hüquq əsasında dayandırılmalıdır.

-Dağlıq Qarabağda fəaliyyət göstərən jurnalistlərlə
bağlı sual. Sizin sözçünüz deyib ki, onlar Azərbaycan ərazilərində
qanunsuz olduqlarına görə hədəf obyektləridir. Siz də belə hesab
edirsiniz?

– Bizim mövqeyimiz çox ədalətli və aydındır. Dağlıq Qarabağ
Azərbaycanın tərkib hissəsidir. Bizim mövqeyimiz ondan ibarətdir
ki, əgər hər hansı əcnəbi vətəndaş, – təkcə jurnalist deyil, –
Dağlıq Qarabağa səfər etmək istəyirsə xahiş edirik bizə məlumat
versin. Biz hər hansı xüsusi münasibət gözləmirik. Sadəcə olaraq,
bizə məlumat verin ki, belə bir şəxs səfər etmək istəyir. Bizdə
belə bir məlumat olanda, ərazi bütövlüyümüzə belə bir hörmət
əlaməti olanda, biz heç vaxt etiraz etmirik. Bu prosedur olmadan
oraya gedənlər Xarici İşlər Nazirliyimizin qara siyahısına salınır
və onların Azərbaycana girişinə qadağa qoyulur. Əgər həmin adamlar
bizim xarici işlər nazirinə məktub yazırlarsa ki, biz səhv etmişik
və ya gələn dəfə sizə məlumat verəcəyik, biz onları qara siyahıdan
çıxarırıq. Bu, ədalətlidir. Bizim ehtiyacımız olan yeganə şey
hörmətdir. Ona görə də mən fürsətdən istifadə edərək hadisələri
işıqlandırmaq üçün oraya səfər etmək istəyən jurnalistlərə mesaj
vermək istərdim. Xahiş edirəm e-mail vasitəsilə bizim Xarici İşlər
Nazirliyimizə məlumat verin və oraya gedin. Heç bir problem
yoxdur.

– Yəni, Siz onları hədəfə almayacaqsınız?

– Biz heç vaxt belə etmirik, heç vaxt. Niyə də etməliyik? Biz
jurnalistlərin gəlməyində maraqlıyıq. Mən hər gün televiziyadayam,
hər gün müsahibələr verirəm, çünki biz mövqeyimizi çatdırmaq
istəyirik, gördüyümüz işi diqqətə çatdırmaq istəyirik. Biz
təcavüzkar deyilik, biz təcavüzə məruz qalmışıq. Təcavüzkar
Ermənistandır. Biz ərazilərin geri qaytarılmasını istəyirik. Bu
qədər.

– Prezident Əliyev, bu gün bizimlə söhbət etdiyinizə
görə təşəkkür edirəm.

– Çox sağ olun.