
Bakı. Trend:
İran Körfəz Ölkələri Əməkdaşlıq Şurası və Avropa İttifaqı xarici
işlər nazirlərinin birgə bəyanatı ilə əlaqədar iddialara reaksiya
olaraq Avropa İttifaqı ölkələrinə nota verib.
Trend-in
məlumatına görə, bununla əlaqədar Avropa İttifaqına üzv ölkələrin
səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri İran Xarici
İşlər Nazirliyinə dəvət olunublar.
Avropa İttifaqına üzv ölkələrin səfirləri və diplomatik
nümayəndəliklərinin rəhbərlərini qəbul edən İran xarici işlər
nazirinin müavini Məcid Təxt Rəvançi bildirib ki, Körfəz Ölkələri
Əməkdaşlıq Şurası və Avropa İttifaqının birgə bəyanatında qeyd
olunan adalar İran ərazisinin ayrılmaz hissəsidir. Avropa
İttifaqının bu adaların Körfəz Ölkələri Əməkdaşlıq Şurasına üzv bir
ölkəyə aid olması ilə əlaqədar iddiası dövlətlərin ərazi bütövlüyü
və suverenliyi prinsipinin pozulmasıdır.
Təxt Rəvançi qeyd edib ki, qeyd olunan birgə bəyanatda İranın
raket proqramı ilə əlaqədar irəli sürülən iddialar İranın daxili
işlərinə açıq-aşkar müdaxilədir. İranın raket proqramı haqda qeyd
olunan iddialar reallığa ziddir və şişirdilmişdir. İranın yerli
müdafiə bacarığı, o cümlədən raket proqramı ölkənin müdafiəsi üzrə
haqlı hüququnun bir parçasıdır.
Nazir müavini əlavə edib ki, Hərtərəfli Birgə Fəaliyyət Planına
üzv Avropa üçlüyünün (Böyük Britaniya, Fransa və Almaniya) öz
öhdəliklərini yerinə yetirməməsi və xoşməramlılıq nümayiş
etdirməməsi diplomatiyada problemin yaranması və dalana dirənməsi
ilə nəticələnib.
Qeyd edək ki, 6 oktyabrda Avropa İttifaqı və Körfəz Əməkdaşlıq
Şurasının xarici işlər nazirlərinin birgə bəyanatında İranın “Böyük
Tonb, Kiçik Tonb və Əbu Musa” adalarını işğal etməsi qınanılıb və
Tehrandan “Pilotsuz Uçan Aparatlar və nüvə proqramı ilə əlaqədar
proqramları inkişaf etdirməyi dayandırması” istənilib.

