Orta Dəhliz “TransLogistica Kazakhstan 2025” sərgisində təqdim olunub

Baş səhifə

Bakı. Trend:

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu “TransLogistica
Kazakhstan 2025” sərgisində təqdim olunub.

Trend xəbər verir
ki, “TransLogistica Kazakhstan 2025” adlı 28-ci Qazaxıstan
Beynəlxalq “Nəqliyyat və logistika” sərgisi 30 sentyabr – 2 oktyabr
tarixlərində Almatıda keçirilib.

Tədbir Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində keçirilir və
forumları, konfransları və ən iri nəqliyyat-logistika şirkətlərinin
sərgisini özündə birləşdirir.

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq
Assosiasiyasının stendi xüsusi diqqətə səbəb olub. Bu stend
danışıqlar və işgüzar görüşlər üçün əsas platformaya çevrilib.
Buraya ixtisaslaşdırılmış nazirliklərin və iri şirkətlərin
nümayəndə heyətləri, o cümlədən Səudiyyə Ərəbistanı Nəqliyyat və
İnfrastruktur Nazirliyinin, BMF Burqas Limanının, Türkiyənin
Logistika Xidmətləri Təchizatçıları Assosiasiyası LojiDer-in və
digər təşkilatların nümayəndələri baş çəkiblər. Assosiasiyanın
stendində TBNM üzvləri ilə marşrutun inkişafında iştirak edən
tərəfdaşlar arasında danışıqlar aparılıb.




Sərgi ilə paralel olaraq “Yeni İpək Yolu” adlı VII Beynəlxalq
Nəqliyyat-Logistika Biznes Forumu, həmçinin “BreakBulk Kazakhstan”
kimi ixtisaslaşmış konfranslar keçirilib. “Xəzər və layihə
logistikasının əsas çağırışları” adlı sessiyada TBNM
Assosiasiyasının baş katibinin vəzifəsini icra edən Nurgül Jakupova
çıxış edərək, iştirakçılara marşrutun hazırkı inkişafı və
beynəlxalq yükdaşımalar üçün əhəmiyyəti barədə məlumat verib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.