
Bakı. Trend:
İyulun 1-dən etibarən Avropa İttifaqı qeyri-Aİ ölkələrindən
gələn aşağı qiymətli kommersiya bağlamalarına 3 avro məbləğində
müvəqqəti gömrük rüsumu tətbiq edəcək.
Xarici media yazır ki, bu tədbir əsasən Çindən gələn bağlamalara
təsir edəcək. Avropa Komissiyası qeyd edir ki, bu, Avropa
istehsalçılarını ədalətsiz rəqabətdən və vətəndaşları təhlükəli
mallardan qorumaq məqsədi daşıyır.
Avropa Komissiyasının məlumatına görə, yeni gömrük rüsumu dəyəri
150 avroya qədər olan kommersiya bağlamalarına şamil edilir. Bundan
əlavə, 3 avroluq rüsum bütün bağlamaya deyil, onun içindəki hər bir
kateqoriyalı mallara tətbiq olunacaq. Əgər bağlamada palto, kitab
və fincan, yəni müxtəlif kateqoriyalardan olan mallar varsa, alıcı
əlavə 9 avro ödəməli olacaq.
Avropa Komissiyası ümid edir ki, yeni rüsum avropalıları ucuz
mal almaqdan çəkindirəcək. Tədbir hazırda müvəqqəti olaraq tətbiq
olunur və 1 iyul 2028-ci ilə qədər qüvvədə qalacaq. O vaxta qədər
Aİ vahid gömrük məlumat mərkəzi yaratmağı planlaşdırır. Bunun bütün
bağlamalar üzrə rüsumların hər bir məhsul növünə xas faiz
dərəcələri ilə hesablanmasına imkan verəcəyi planlaşdırılır.
Standart idxal qaydaları 150 avrodan yuxarı bağlamalar üçün tətbiq
olunmağa davam edəcək. Rüsum malların dəyəri və onların
çatdırılması, ƏDV və yük daşınması əsasında hesablanır.
Əlavə rüsum tətbiq etmək qərarı Avropa Komissiyası tərəfindən
2025-ci ilin dekabr ayında qəbul edilib. Komissiya qeyd edib ki,
Aİ-yə gələn ucuz bağlamaların sayı dörd il ərzində dörd dəfə
artaraq 2025-ci ildə 5,9 milyarda çatıb. Bu göndərişlərin təxminən
90%-i Çindən, əsasən Shein və Temu da daxil olmaqla onlayn
pərakəndə satış şirkətlərindən gəlir.
Avropa Komissiyasının məlumatına görə, bu, Avropa
istehsalçılarının mövqeyini sarsıdır. Avropa Komissiyası Aİ-yə
idxal edilən onlayn sifarişlərin 60%-nin Avropa tələblərinə cavab
verməyən və buna görə də istehlakçılar üçün təhlükəli məhsullar
ehtiva etdiyini müəyyən edən bir araşdırmaya istinad edib. May
ayında Avropa tənzimləyiciləri Temu-nu qanunsuz və təhlükəli
məhsullar satdığına görə 200 milyon avro cərimələyib.

