Prezidentin köməkçisi rəqəmsal inkişaf üzrə yeni islahatların detallarını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas
prioritet istiqamətlərindən biri kimi rəqəmsal transformasiya
ardıcıl şəkildə həyata keçirilir.

Bunu Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf
siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

“Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı Fərmanla
Rəqəmsal İnkişaf Şurasının yaradılıb və “Azərbaycan Respublikasında
rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün
Fəaliyyət Planı”nın təsdiqlənib. Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Şurada müəyyən
edilmiş strateji prioritetlərə və verilmiş tapşırıqlara uyğun
olaraq müasir qanunvericilik bazasının formalaşdırılması
istiqamətində kompleks islahatlar hazırlanıb”, – deyə Şahmar
Mövsümov qeyd edib.

Şahmar Mövsümov vurğulayıb ki, bu, postsovet məkanında rəqəmsal
ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində həyata
keçirilən ən əhatəli və fundamental islahat təşəbbüsüdür.

Şahmar Mövsumov islahatın əhatə etdiyi sahələrə toxunaraq
bildirib ki, bunlar hüquqi müəyyənliyin təmini, rəqabətqabiliyyətli
vergi mühitinin formalaşdırılması, innovasiyaların
maliyyələşdirilməsi, elmi-tədqiqat və innovasiya təşviqləri,
istedadların cəlb edilməsi, bazara çıxış imkanlarının
genişləndirilməsi və kibertəhlükəsizlik sahəsində tənzimləmənin
təkmilləşdirilməsidir.

Prezidentin köməkçisi bu islahatların mühüm cəhətlərindən biri
kimi onların dünya təcrübəsinə əsaslandığını, dəyişikliklər
hazırlanarkən müxtəlif ölkələrin uğurlu modellərinin öyrənildiyini
qeyd edib.