Aİ-Çin ticarət və investisiya məsləhətləşmələrinin ilk iclası keçirilib

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) ticarət və iqtisadi təhlükəsizlik üzrə
komissarı Maroş Şefçoviç və Çinin ticarət naziri Van Ventao
Brüsseldə Aİ-Çin ticarət və investisiya məsləhətləşmələrinin (TIC)
ilk iclasını keçiriblər.

Tərəflər yaydıqları birgə bəyanatda yeni məsləhətləşmə
mexanizminin məqsədinin ticarət və investisiya sahəsində dialoqu
gücləndirmək, ikitərəfli iqtisadi əlaqələri daha sabit və balanslı
inkişaf etdirmək olduğunu vurğulayıblar.




Görüşdə ticarət və investisiya balansı, ixrac nəzarəti, əqli
mülkiyyət hüquqları və Ümumdünya Ticarət Təşkilatının islahatı əsas
əməkdaşlıq istiqamətləri kimi müəyyənləşdirilib. Bu məsələlər üzrə
işin davam etdirilməsi və nazirlər səviyyəsində növbəti görüşün
2026-cı ilin payızında keçirilməsi razılaşdırılıb.

Bununla yanaşı, tərəflər ticarət axınlarını izləmək, məlumat
mübadiləsini genişləndirmək, şəffaflığı artırmaq və ticarət
sahəsində yaranan problemlərin həllini asanlaşdırmaq üçün birgə
monitorinq mexanizmi yaratmaq barədə razılığa gəliblər. Görüşdə
bazarlara çıxış imkanlarının artırılması, nadir torpaq elementləri
və digər strateji xammallar üzrə əməkdaşlığın genişləndirilməsi,
eləcə də Ümumdünya Ticarət Təşkilatının islahatı və əqli mülkiyyət
hüquqlarının qorunması məsələləri də müzakirə olunub.