Fransanın dövlət borcu açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Fransanın dövlət borcu 2026-cı ilin birinci rübünün sonunda
rekord həddə çataraq 3,536 trilyon avro təşkil edib.

Bu barədə ölkənin Milli Statistika və İqtisadi Araşdırmalar
İnstitutu (Insee) məlumat yayıb.

Rəsmi göstəricilərə əsasən, dövlət borcu hazırda ölkənin ümumi
daxili məhsulunun (ÜDM) 117,5 faizinə bərabərdir. Bu, COVID-19
pandemiyası dövründə qeydə alınan tarixi rekord səviyyəyə çox
yaxındır və Avropa İttifaqında yalnız Yunanıstan və İtaliya daha
yüksək borclanma göstəricilərinə malikdir.




Təkcə son üç ay ərzində Fransanın dövlət borcu 75,6 milyard avro
artıb. Mütəxəssislər bildirirlər ki, uzun illərdir dövlət
xərclərinin gəlirləri üstələməsi borcun davamlı şəkildə
yüksəlməsinə səbəb olub. Vəziyyəti daha da mürəkkəbləşdirən
amillərdən biri faiz dərəcələrinin artmasıdır. Hazırda Fransa
dövlət istiqrazları üzrə 10 illik faiz dərəcəsi 3,7 faizə yüksəlib.
Nəticədə dövlətin borca xidmət xərcləri sürətlə artır. Bu xərclərin
2026-cı ildə təxminən 59 milyard avroya, 2028-ci ildə isə 77
milyard avroya çatacağı gözlənilir.

Ekspertlər xəbərdarlıq edirlər ki, borcun və faiz ödənişlərinin
artması dövlət büdcəsinə əlavə təzyiq göstərəcək. Eyni zamanda,
Fransanın dövlət borcunun təxminən 60 faizi xarici investorların
əlində olduğundan, ödənilən faizlərin böyük hissəsi ölkə
iqtisadiyyatından kənara çıxır.

Fransa hökuməti 2029-cu ilədək büdcə kəsirini ÜDM-in 3 faizindən
aşağı salmağı və borcun artımını dayandırmağı planlaşdırır. Lakin
bir çox iqtisadçılar bu hədəflərin mövcud siyasi və iqtisadi
şəraitdə həyata keçirilməsini çətin hesab edir və yaxın illərdə
ölkənin borc yükünün ÜDM-in 120 faizini keçə biləcəyini istisna
etmirlər.