Monakoda partlayış nəticəsində üç nəfər yaralanıb

Baş səhifə

Monakoda yaşayış binasının girişində baş verən güclü partlayış nəticəsində üç nəfər yaralanıb.

APA xəbər verir ki, hadisədən sonra Monako və Fransa polisi partlayıcı qurğunu yerləşdirməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıb.

İlkin məlumata görə, partlayış 29 iyun axşamı Fransa sərhədi yaxınlığında baş verib.

Təhlükəsizlik kameralarının görüntülərində naməlum şəxsin yaşayış binasının girişində bel çantası qoyaraq hadisə yerindən uzaqlaşdığı, qısa müddət sonra isə çantanın partladığı əks olunub. İstintaqın versiyasına əsasən, əl istehsalı partlayıcı qurğunun içərisində boltlar və metal qırıntıları olub.

Hadisə nəticəsində yaralanan üç nəfərin Ukrayna vətəndaşı olan eyni ailənin üzvləri olduğu bildirilir. Onlardan ikisinin vəziyyəti ağırdır, yeniyetmənin isə həyatına təhlükə olmadığı açıqlanıb.

Monakonun dövlət naziri Kristof Mirmand hadisənin böyük ehtimalla qəsdən törədilmiş hücum olduğunu bildirib.

Onun sözlərinə görə, ölkə tarixində bu cür hücum indiyədək qeydə alınmayıb.

Hadisənin motivi və əsas hədəfin kim olduğu isə hələlik müəyyən edilməyib. İstintaq davam edir.