Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi – Kamaləddin Qafarov

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın şanlı dövlətçilik tarixinə 2020-ci ilin 44 günlük
Vətən müharibəsi ən parlaq Zəfər səhifəsi kimi yazılıb. Bu savaşda
hər bir kəndin, hər bir qəsəbənin azad olunması xalqımıza böyük
qürur hissi yaşatdı. Ancaq həmin qələbələr arasında elə gün var ki,
həm hərbi, həm də siyasi baxımdan xüsusi simvolik məna daşıyır. 4
oktyabr – Cəbrayıl şəhərinin azad edildiyi gün məhz belə tarixi
hadisədir.

Bu sözləri Trend
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin sözlərinə görə, Cəbrayılın işğalı ilə azadlığı
arasında uzanan 27 illik dövr Azərbaycan xalqının həm ağrı, həm də
ümidlərlə dolu tarixini əks etdirir: “1993-cü ilin avqustunda
Cəbrayıl rayonu işğal edildi. 1 şəhər, 4 qəsəbə, 92 kənd erməni
vandalları tərəfindən dağıdıldı, minlərlə sakin məcburi köçkünə
çevrildi. Yüzlərlə tarixi abidə və mədəniyyət ocağı yerlə-yeksan
olundu. Ancaq bütün bu faciələr xalqın iradəsini sındıra bilmədi.
Azərbaycan dövləti bu illərdə həm iqtisadi, həm də hərbi gücünü
möhkəmləndirdi və nəhayət, 2020-ci ildə ədaləti bərpa etdi”.

Kamaləddin Qafarov bildirib ki, Cəbrayılın azad olunması
müharibənin strateji gedişatını dəyişdi: “Oktyabrın 4-də Azərbaycan
Ordusu Cəbrayıl şəhərini və ətraf kəndləri işğaldan azad etdi.
Düşmən burada möhkəm istehkamlar qurmuşdu, lakin əsgərlərimizin
fədakarlığı sayəsində bu maneələr yarıldı. Cəbrayıl əməliyyatı ilə
Ordumuz həm Zəngilan, Qubadlı, Laçın istiqamətində, həm də Xocavənd
və Hadrut üzərində nəzarət üçün əlverişli mövqelər qazandı.
Əslində, bu qələbə sonrakı həlledici mərhələlərin açarı oldu. Həmin
gün Xudafərin körpüsündə qaldırılan üçrəngli bayraq isə Azərbaycan
dövlətinin tarix qarşısında haqq savaşını təcəssüm etdirdi”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin 2023-cü ildə
imzaladığı sərəncamla 4 oktyabrın Cəbrayıl şəhəri günü elan
olunması bu qələbənin əhəmiyyətini daha da artırır. Onun fikrincə,
bu, həm də yeni dövrün başlanğıcıdır: “Bu gün Cəbrayılda
genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Araz Vadisi
İqtisadi Zonası, sənaye parkları, müasir yollar, enerji layihələri
rayonun gələcək inkişafına xidmət edir. İlk köç karvanının
Cəbrayıla yola salınması isə Böyük Qayıdışın gerçəkliyə
çevrildiyini göstərir. Artıq insanlar doğma torpaqlarına qayıdır,
yeni evlər, məktəblər, mədəniyyət ocaqları tikilir. Bu, həm
ədalətin, həm də həyatın qələbəsidir.”

Kamaləddin Qafarov deyib: “Cəbrayılın azad olunması yalnız bir
şəhərin qurtuluşu deyildi. Bu hadisə Azərbaycan xalqının haqq
səsinin, gücünün və birliyinin dünyaya nümayişi idi. 4 oktyabr bu
mənada Cəbrayılın zəfər günü ilə yanaşı, həm də gələcək nəsillərin
də milli qürur və dövlətçilik dərsi kimi daim yaddaşlarda
qalacaqdır”.