
Bakı. Trend:
Azərbaycan və Qazaxıstan kənd təsərrüfatı sahəsində gələcək
əməkdaşlıq perspektivləri dəyərləndirilib, birgə elmi tədqiqat
işlərinin yerinə yetirilməsi, akademik heyətin təhsil və təcrübə
mübadiləsi, elmi nailiyyətlərin bölüşülməsi, birgə elmi layihələrin
icrası və digər məsələlərlə bağlı fikirlər bölüşülüb.
Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər
verir.
Belə ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
tabeliyində Aqrar Tədqiqatlar Mərkəzində (ATM) kənd təsərrüfatında
elektron ticarətin inkişafı ilə bağlı Qazaxıstandan gəlmiş
nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Mərkəzin direktor müavini Namiq Şalbuzov, Diaqnostika və
strateji planlaşdırma bölməsinin əməkdaşı Müşfiqə Məmmədova,
Qazaxıstan tərəfdən isə Margulan Universitetinin elmi işlər üzrə
prorektoru, iqtisad elmləri doktoru, professor Esengeldin Bauyrjan,
Buketov Universitetinin İdarəetmə kafedrasının müdiri, fəlsəfə
doktoru Aidos Abayev və Turan-Astana Universitetinin doktorantı
Azamat Janseytov iştirak edib.
Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi
tərəfindən həyata keçirilən “Qazaxıstanın kənd təsərrüfatında
elektron ticarətin inkişafının stimullaşdırılması üçün iqtisadi
mexanizmlər” adlı layihə çərçivəsində baş tutan görüşdə Namiq
Şalbuzov Aqrar Tədqiqatlar Mərkəzi haqda geniş məlumat verib,
Mərkəzin həm aqrar sahədə dövlət siyasətinin həyata keçirilməsində,
həm də bu sahədə elmi tədqiqat işlərinin aparılmasında,
tədqiqatçıların yetişdirilməsində rolundan danışıb.
Qonaqlar da təmsil etdikləri qurumlar və həyata keçirilən layihə
haqda məlumat verib. Bildirilib ki, layihənin məqsədi Qazaxıstanın
kənd təsərrüfatı sektorunda elektron ticarətin fəallaşdırılmasına
və inkişafına kömək edəcək iqtisadi mexanizmləri, beynəlxalq
təcrübələri öyrənmək və inkişaf etdirməkdir. Burada əsas ideya
qabaqcıl texnologiyalardan və iqtisadi stimullardan istifadə
etməklə rəqəmsal platformalar vasitəsilə kənd təsərrüfatı
məhsullarının ticarətini genişləndirməkdən ibarətdir.
Görüşdə bu mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb,
Aqrar Tədqiqatlar Mərkəzində yaradılan və artıq 10 ilə yaxındır
fəaliyyət göstərən “Kənd Təsərrüfatı üzrə Elektron Qiymət
İnformasiya Sistemi” haqda məlumat verilib.
Həmçinin görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə
edilib, birgə elmi tədqiqat işlərinin yerinə yetirilməsi, akademik
heyətin təhsil və təcrübə mübadiləsi, elmi nailiyyətlərin
bölüşülməsi, birgə elmi layihələrin icrası və digər məsələlərlə
bağlı fikirlər bölüşülüb.

