Özbəkistan nümayəndə heyəti üçün Bakının tarixi və mədəni məkanlarına mediatur təşkil edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti üçün Bakının
görməli yerlərinə mediatur təşkil olunub.

Trend xəbər
verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, ilk olaraq qonaqlar dünya memarlığının nadir
incilərindən sayılan Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Onlara Mərkəzin müasir memarlıq üslubu, innovativ konsepsiyası,
həmçinin burada təqdim olunan ekspozisiyalar haqqında ətraflı
məlumat verilib. Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin,
azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən
öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzdə həmçinin
Heydər Əliyev Muzeyinin yaradıldığı vurğulanıb. 2013-cü ildən
fəaliyyət göstərən Muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat
yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə
qonaqlara təqdim edilib.




Daha sonra nümayəndə heyəti Azərbaycan Milli İncəsənət Muzeyini
ziyarət edib. Qonaqlara muzeyin tarixi, milli və dünya incəsənət
nümunələrini özündə birləşdirən zəngin kolleksiyası, müxtəlif
auditoriyalar üçün təşkil olunan mədəni və təhsil proqramları,
eləcə də digər fəaliyyət istiqamətlərindən bəhs edilib.

Mediatur çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin dəstəyi ilə XII əsrə aid divarlarla əhatə olunmuş, Şərq
memarlığı və tarixi ilə zəngin, UNESCO-nun Ümumdünya İrs Siyahısına
daxil edilmiş İçərişəhər ziyarət olunub. Qonaqlara qeyri-adi
memarlıq özəllikləri ilə seçilən Qız qalası və Bakının tarixi
tikililəri arasında mühüm yer tutan Şirvanşahlar Sarayı Kompleksi
də daxil olmaqla, İçərişəhərin digər tarixi-memarlıq abidələri,
eləcə də turizm imkanlarının genişləndirilməsi istiqamətində
görülən işlər haqqında geniş məlumat verilib.