
Bakı.Trend:
Sentyabrın 29-da maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB)
Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan bankın
vitse-prezidenti Bharqav Dasquptanın rəhbərlik etdiyi nümayəndə
heyətini qəbul edib
Trend xəbər
verir ki, Nazir Sahil Babayev AİB ilə uzunmüddətli əməkdaşlığı
yüksək qiymətləndirərək kreditlər, qrantlar və texniki yardım
vasitəsilə həyata keçirilən birgə təşəbbüslərin ölkəmizin inkişaf
gündəliyinə əhəmiyyətli töhfə verdiyini bildirib. Nazir, həmçinin
bankın 2025–2029-cu illər Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq
Strategiyasının reallaşdırılmasında sıx əməkdaşlığın davam
etdiriləcəyinə əminliyini ifadə edib.
Cari iqtisadi vəziyyət barədə məlumat verən nazir qeyri-neft
sektorunun inkişafı sahəsində əldə olunan nailiyyətləri diqqətə
çatdırıb. Bakı və Abşeron yarımadasında su təchizatı və
kanalizasiya sistemlərinin yaxşılaşdırılması, Bakı Metropoliteninin
infrastruktur ehtiyaclarının maliyyələşdirilməsi, dəmir yolu
xətlərinin modernləşdirilməsi istiqamətində prioritetlər qeyd
olunub.
B.Dasqupta Azərbaycan ilə AİB arasındakı əməkdaşlığın bütün
sahələrdə, o cümlədən özəl sektorun dəstəklənməsi istiqamətində
daha da möhkəmlənəcəyinə və qarşıdakı dövrdə də uzunmüddətli
tərəfdaşlıq prinsipləri əsasında davam etdiriləcəyinə əminliyini
ifadə edib.
Görüşdə Azərbaycan ilə AİB arasında mövcud əməkdaşlıq, özəl
sektorun inkişafı, bankın bu sahəyə mümkün dəstəyi, gələcək
tərəfdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.


