Dənizçi sənədlərinin saxtalaşdırılması hallarına qarşı sərt tədbirlər görüləcək

Baş səhifə

Bakı. Trend:

Son dövrlərdə Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən
verilən dənizçi sənədlərinin saxtalaşdırılması hallarının artması
müşahidə olunur. Belə hallar qanun pozuntusu olmaqla yanaşı,
ölkəmizin müvafiq sahə üzrə beynəlxalq öhdəliklərinin icrasına da
zərər vurur, dəniz üzgüçülüyünün təhlükəsizliyi, insan həyatı və
dəniz ətraf mühiti üçün ciddi risklər yaradır.

2024–2025-ci illər ərzində aparılmış araşdırmalar nəticəsində 14
şəxsə aid ümumilikdə 21 saxta sənəd aşkar edilib. Bunlardan 8-i
sertifikat (diplom), 13-ü xüsusi hazırlıq şəhadətnaməsidir. Saxta
sənədlərdən 5-i xarici ölkələrin gəmiçilik şirkətləri və ya bayraq
dövlətlərinin sorğuları əsasında, 16-sı isə vətəndaşların sənəd
yenilənməsi və ya yeni sənəd əldə edilməsi məqsədilə Agentliyə
müraciətləri zamanı müəyyən olunub. Aşkarlanmış bütün hallar üzrə
materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib. Dənizçi
sənədlərinin saxtalaşdırılması hallarına qarşı mübarizə məsələləri
beynəlxalq səviyyədə “Dənizçilərin hazırlanmasına, onlara diplom
verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, əlavələr
edilmiş Beynəlxalq Konvensiyanın (DHDNÇ) I/5-ci Qaydası ilə
tənzimlənir.

Dənizçi sənədlərinin saxtalaşdırılması hallarına qarşı mübarizə
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsi,
Ticarət Gəmiçilik Məcəlləsinin 44.4 maddəsi ilə tənzimlənir.

Həmçinin “Azərbaycan Respublikasının nəqliyyat donanması
gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında
Əsasnamə”nin 1.6-cı maddəsi – sənəd saxtakarlığı halı aşkar
edildikdə Agentliyin müvafiq tədbirlər görmək səlahiyyətini müəyyən
edir.




Dənizçi sənədlərinin saxtalaşdırılmasının qarşısını almaq və bu
sahədə şəffaflığı təmin etmək məqsədilə qanunvericilikdə
dəyişikliklərlə bağlı təkliflər hazırlanıb.

Saxta sənədlərdən istifadə dəniz üzgüçülüyünün təhlükəsizliyinə,
dənizçilərin sosial rifahına, əmlaka və dəniz ətraf mühitinə ciddi
risklər yaradır. Eyni zamanda, bu hallar Azərbaycanın Beynəlxalq
Dəniz Təşkilatının “Ağ Siyahı”sında mövqeyini zəiflədə, ölkəmizin
beynəlxalq imicinə mənfi təsir göstərə və dənizçilərimizin xarici
gəmilərdə iş imkanlarını məhdudlaşdıra bilər.

Beynəlxalq Dəniz Təşkilatı DHDNÇ Konvensiyasının tələbinə əsasən
tərəf dövlətlər özünün verdiyi dənizçi sənədlərinin həqiqiliyini
maraqlı tərəflərin fasiləsiz və etibarlı şəkildə yoxlamaq imkanını
təmin etməlidir. Bu baxımdan, Agentliyin rəsmi internet səhifəsində
yaradılmış “Sertifikatların yoxlanılması” bölməsi fasiləsiz olaraq
Agentlik tərəfindən verilmiş dənizçi sənədlərinin həqiqiliyinin
yoxlanılması imkanını yaradır (https://e-services.ardda.gov.az:8090/)

Agentlik bir daha bildirir ki, dənizçi sənədlərinin
saxtalaşdırılması, qanunsuz hazırlanması və ya saxta sənədlərdən
istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə
əsasən cinayət məsuliyyətinə səbəb olur. Bu baxımdan, Agentlik
bütün aidiyyəti tərəfləri, xüsusilə dənizçiləri bu kimi hallardan
çəkinməyə və oxşar hallarla rastlaşdıqda, dərhal Agentliyi
məlumatlandırmağa çağırır.