SOFAZ dövlət büdcəsinə köçürülən vəsaitin ümumi məbləğini açıqladı

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ/ ARDNF)
yaranandan bəri dövlət büdcəsinə 140 milyard ABŞ dollarından çox
vəsait köçürüb.

Trend xəbər verir
ki, bunu Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya
Forumund SOFAZ-ın icraçı direktorunun müavini Rövşən Cavadov
deyib.

Onun sözlərinə görə, Fondun fəaliyyət dairəsinə “Qars” dəmir
yolu, “Bakı–Tbilisi–Ceyhan” neft kəməri, iri suvarma layihələri,
mənzil tikintisi, məcburi köçkünlər üçün təhsil proqramları və
digər təşəbbüslər daxildir.




“Fond dünyada ən şəffaf qurumlardan biridir və hazırda 60
milyard ABŞ dollarından çox aktivləri idarə edir”, – deyə Cavadov
vurğulayıb.

O əlavə edib ki, Fond “BlackRock” və “Blackstone” kimi aparıcı
beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edir ki, bu da bilik
və texnologiyaların ötürülməsi, həmçinin ölkə iqtisadiyyatına birgə
investisiya imkanları yaradır.