
Bakı. Trend:
Yelo Bank Avropa İttifaqının sanksiya siyahısından rəsmi qaydada
çıxarılıb. Avropa Komissiyasının Bank ilə bağlı sanksiya məsələsinə
yenidən baxılma proseduru qısa müddət ərzində uğurla başa çatıb.
100% yerli kapitala malik Azərbaycan bankı olaraq, Yelo Bank
fəaliyyətini hər zaman ölkə qanunvericiliyinə və beynəlxalq
standartlara tam uyğun şəkildə qurub və bundan sonra da beynəlxalq
tələblərə uyğun olaraq iş proseslərini davamlı təkmilləşdirməyə
davam edəcək.
Bu müddət ərzində göstərdikləri etimad və loyallığa görə Yelo
Bank həmçinin bütün müştərilərinə və tərəfdaşlarına səmimi
təşəkkürünü bildirir. Müştərilərin etimadı və dəstəyi bu prosesin
uğurla başa çatmasında ən böyük motivasiya mənbəyi olub. Qeyd edək
ki, bu dövrdə mövcud müştərilərin sadiqliyi qorunub, eyni zamanda
Bankın müştəri sayında əhəmiyyətli artım qeydə alınıb. Yelo Bank
yüksək likvidlik və güclü kapital mövqeyini qoruyaraq bütün
öhdəliklərini fasiləsiz və vaxtında yerinə yetirib.
Hazırda bəzi bank xidmətlərində yaranmış məhdudiyyətlərin tam
bərpası istiqamətində işlər görülür. Bütün yeniliklər barədə
müştərilər Bankın rəsmi kommunikasiya kanalları vasitəsilə operativ
şəkildə məlumatlandırılacaq.
Yelo Bank “parlaq bankçılıq” fəlsəfəsinə sadiq qalaraq,
müştərilərinə innovativ və sürətli xidmətlər təqdim etməyə,
beynəlxalq əməkdaşlığını daha da genişləndirməyə və Azərbaycanın
maliyyə ekosisteminin dayanıqlı inkişafına töhfə verməyə davam
edəcək.

