Azərbaycanın “Çelentanosu”nun doğum günüdür – VİDEO

Mədəniyyət


Bu gün Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın Əməkdar artisti Əsgər Məmmədoğlunun doğum günüdür. 

resmixeber.az xatırladır ki, Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində çoxsaylı obrazlara həyat verib.

Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, “Şair” (“Evləri köndələn yar” Anar), “Milis” (“Yaşıl eynəkli adam” V.Səmədoğlu), “Nökər” (“Mehmanxana sahibəsi” K.Haldoni), “Dəmir-qaya” (“Topal Teymur” H.Cavid), “Narsatan” (“Qatarda” İ.Məlikzadə), “Gümrah” (“Alov” M.Hüseyn) kimi obrazlar yaradıb. “Mozalan” satirik kino-jurnalının 20-yə yaxın süjetinə çəkilən Əsgər Məmmədoğlu, “Ömrün səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları” (Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər), “Tehran-43” (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub.

Xüsusilə “Bəyin oğurlanması” filmindəki “Ələsgər” obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır. Aktyor son dəfə “Xoxan” filminə çəkilib.

2002-ci ildə Əsgər Məmmədoğlu “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Məşhur aktyor Adriano Çelentanoya bənzədiyi üçün onu Azərbaycanın “Çelentanosu” deyə çağırırdılar.

Sənətkar uzun müddət qaraciyər xərçəngindən əziyyət çəkib. Sevilən aktyorun qan təzyiqi və öd kisəsində problem də onun səhnədə yeni obrazlar yaratmasına ciddi mane olurdu. Əsgər Məmmədoğlu səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. 

Bir müddət müalicə aldıqdan sonra vəziyyəti stabil olsa da, 21 dekabr 2015-ci ildə sənətkarın səhhəti yenidən pisləşib. Həkimlərin bütün səylərinə baxmayaraq, istedadlı aktyor 21 dekabr 2015-ci il tarixində 69 yaşında vəfat edib. Ələsgər Məmmədoğlu 22 dekabr 2015-ci ildə “Qurd qapısı” qəbiristanlığında anasının yanında dəfn edilib. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir