31 ildən sonra Laçına köçən sakinlər: “Bu gün bizim üçün tarixi və möcüzəvi gündür” – FOTO

Siyasət


“Bu gün bizim üçün tarixi və möcüzəvi gündür. Bu gün bu xoşbəxtliyi yaşamaq nəsibimiz olubsa, buna görə Müzəffər Ordumuza, Ali Baş Komandan İlham Əliyevə borcluyuq”.

Bunu “resmixeber.az”un Laçına ezam olunan əməkdaşına açıqlamasında 31 ildən sonra bu gün doğma yurduna qayıdan Ülviyyə Tağıyeva deyib.

O, doqquz yaşında olarkən Laçını tərk etdiyini bildirib:

“Mən Laçını göz yaşı və qorxu içində tərk etmişəm. Həmin gün həyatımın ən dəhşətli günü idi. Şükür ki, 31 ildən sonra Laçına geri dönürük. Həsrətlə gözlədiyimiz torpaqlarımıza qədəm qoymuşuq. Ötən illər ərzində hər gün Vətən həsrəti, yanğısı çəkmişik”.

Keçmiş məcburi köçkün Laçında yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıq edib:

“Bu gün Laçın çox dəyişib, şəhərdə irimiqyaslı quruculuq işləri aparılır. Üç il ərzində şəhərdə belə quruculuq işlərinin aparılması bizə möcüzə kimi görünür. Laçın əvvəlkindən də gözəl və əzəmətli olub. Bu günü bütün laçınlılar səbirsizliklə gözləyirdilər”.

Bu gün Laçına köçən Sürəyya Əsədova isə bildirib ki, yenidən Laçına döndüyünə görə çox sevinclidir:

“31 il Laçınsız qalmaq çox ağır və kədərli idi. Bacımın oğlu Birinci Qarabağ müharibəsində şəhid olub. Əzizlərimin Laçında dəfn olunmadığına, itkilərimə görə çox kədərlənirəm. Bu gün arzuma çatmışam. Laçına baxmaqdan doymuram. Bura mənim üçün həyatdır. Laçını bizə geri qaytarana qurban olum. Prezident İlham Əliyevə çox təşəkkür edirəm ki, bizə belə bir gün bəxş edib. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir