Műəllimin yanaşması necə olmalı idi?-deputat Ceyhun Məmməd yazır:

Təhsil

Bir neçə gündür sosial şəbəkələrdə İmişlidə müəllimin məktəbdə ayaqyolunda şəraitin yaxşı olmaması ilə bağlı şagirdlərə çağırış etməsi geniş müzakirə olunur. Burada bir neçə vacib məqama toxunmaq istəyirəm.

Milli Məclisdə 2023-cü ilin büdcəsi müzakirə olunarkən bu məsələyə diqqəti çəkmişdim. Son illər ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən ölkəmizdə yüzlərlə məktəb təmir və bərpa olunub, bu gün də bu işlər uğurla davam etdirilir. Ölkə rəhbərliyin təhsilimizə diqqət və qayğısı ən yüksək səviyyədədir. Yeni açılan STEAM və uşaq-yaradıcılıq mərkəzləri bu fikri bir daha təsdiq edir.

Ancaq onu da qeyd edək ki, bu gün bölgələrdə 1000-ə yaxın məktəb təmirsiz vəziyyətdədir. Hətta təmir olunan bəzi məktəblərdə bir sıra çatışmamazlıqlar var. Bölgələrdə həqiqətən çox bərbad vəziyyətdə olan məktəblər var. Bölgələrə səfərim zamanı bunu dəfələrlə müşahidə etmiş, hətta aidiyyəti qurumlara müraciətlər də ünvanlamışam. Onların sürətli şəkildə təmirinə ciddi ehtiyac var.
Töhmət məsələsinə gəldikdə isə müəllimin uşaqlara məktəbə gəlməməklə bağlı çağırış etməsi düzgün deyil və qanun pozuntusudur. Ola bilsin müəllim əsəbləşib belə mövqe sərgiləyib. Müəllimə töhmət bu məqsədlə də verilə bilər.

Əgər töhmət müəllimə məsələni ictimailəşdirdiyinə görə verilibsə bu qəbuledilməzdir. Bütün hallarda məsələyə vaxtında reaksiya verilməli, həmin ayaqyolu aidiyyəti dövlət qurumları tərəfindən təmir edilməlidir. Bütün hallarda isə biz müəllimlərimizi sevməli və onları qorumalıyıq.

Ümumiyyətlə aidiyyəti dövlət qurumları belə məsələlərə vaxtında və operativ reaksiya verməlidir ki, müzakirələr düzgün istiqamətdə aparılsın. Təhsilə qayğı hamımızın işidir. Hər birimiz təhsillə bağlı məsələlərə çox həssas yanaşmalıyıq.

Sonda onu da qeyd edim ki, dövlət qurumları öz fəaliyyətlərində ictimaiyyətin haqlı narazılığını və fikirlərini nəzərə almalıdırlar. Zamanında verilməyən reaksiyalar dövlət qurumlarının özlərinin fəaliyyətinə inamı zədələyir. Burada söhbət bütün dövlət qurumlarından gedir. Təəssüf ki son vaxtlar bəzi dövlət qurumlarının fəaliyyətində bu həssaslıq heç də həmişə műşahidə olunmur.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir