27 sentyabr: Dünya nizamını formatlayan Qarabağ – TƏHLİL

HƏRBİ


2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın işğaldan azad olması üçün genişmiqyaslı hərbi əməliyyatları regionda Ermənistana fiziki, onun havadarlarına isə siyasi cəhətdən dağıdıcı itkilər yaşatdı.

44 günlük müharibənin gedişatında artıq regional və beynəlxalq oyunçular özlərini nəticələrə hazırlayaraq yeni reallıqların içərisində yerbəyer olunmağa cəhd edirdilər.

Azərbaycan isə nə qlobal oyunçuların reaksiyasından çəkindi, nə də “Qarabağı işğaldan azad etmək olmaz” fikrini təbliğ edən informasiya axınlarının psixoloji əsirinə çevrildi.

Sürətli əks-hücum əməliyyatlarının müharibəyə çevrilməsindən sonra Azərbaycan Ordusu işğal altındakı əraziləri böyük cəsarət və şücaətlə azad etdi. Azərbaycan Silahlı Qüvvələrinin işğal xəritəsini silməsidən sonra geosiyasi oyunlarda tədrici dəyişikliklər bərq vurmağa başladı və sonrakı aylarda, illərdə kartlar açıq oynanıldı.

Qarabağ vaqeəsi SSRİ-nin sonunu gətirən aktlardan idi, bu dəfə isə Azərbaycanın Qələbəsi dünya nizamındakı hadisələrə birbaşa və ya dolayı yolla təsirlər yaratmağa başladı.

Sanki Qarabağ başlanğıc nöqtədir – sonrakı hadisələrin ilham mənbəyidir, istiqamətləndirici vektorudur.

Qarabağdakı sonluq oyunçuların əllərindəki kartların oynanılma arealını dəyişdirdi, potensial olaraq maraqları konkretləşdirmək variantları üzərindəki çoxsaylı kilidlərin açarlarından birinə çevrildi.

Qarabağdakı müharibənin nəticələri Azərbaycanın Rusiya, Qərb və Çin arasındakı strateji manevr qabiliyyətini gücləndirir, həm Moskva, həm Vaşinqton, həm Avropa İttifaqı, həm də Çin dərin özüllərdə rəsmi Bakının strateji cizgilərinə qarşı fəaliyyət qurmaqdan yayınırlar.

Bu məsələ Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyinin müşayiətində regionda maraqları olan güclərə olan təsir sahələrini vurğulayan həddə qədər inkişaf edir.

Bakı ilə Ankara strateji layihələrinin davamı olaraq Zəngəzur dəhlizinin açılmasına köklənirlər, hərbi-siyasi və iqtisadi cəhətdən məqsədlərini çoxaldırlar.

Bu amil kənar oyunçuların regiondakı barıt çəlləklərinə nəzarət etmək qabiliyyətini minimallaşdırır, xüsusilə Azərbaycanın 10 Noyabr Bəyanatının imzalanmasından bəri keçirdiyi hərbi əməliyyatlar, o cümlədən Qarabağdakı genişmiqyaslı antiterror tədbirləri Bakı-Ankara oxunu ona müqavimət göstərənlərə qarşı stimullaşdırır.

Təəccüblü deyil ki, regiondakı eskalasiya riskləri ilə bağlı Azərbaycanın hesablamaları Türkiyə ilə birlikdə ərsəyə çıxır və bu qərarlar həm Qərblə, həm də Rusiya ilə müzakirə edilir.

Artıq strateji hədəflərə çatmaq üçün tərəddüdlər zamanı deyil, bütün zəruri hərbi və siyasi həmlələr hücum yox, preventiv xarakter daşıyır.

Bakı ilə Ankaranın hərəkətləri regionu perspektiv genişmiqyaslı eskalasiya risklərindən yayındırmaqdır.

Qeyd edilənlər Qarabağdakı müharibənin geosiyasi və geostrateji nəticələriunin ölçülərini araşdırmağa imkan verir.

İkitərəfli – Azərbaycan-Ermənistan münasibətləri – kontekstinə gəlincə, Qarabağdakı 44 günlük müharibə İrəvan üçün əzabverici nəticələrlə yadda qaldı.

Belə ki:

1. Ermənistan xarici siyasətindəki işğalçılıq doktrinasını dəyişdirməyə məcbur edilir, ona Bakının təzyiqləri görünməmiş həddə qədər artır.

2. Qarabağdakı məğlubiyyət Ermənistanda dərin ictimai-siyasi və intellektual böhran yaradır və hamı bir-birini didir, günah keçisi axtarır.

3. İllərdir dünya ictimaiyyətini nağıllarla aldadan Ermənistan və onun maliyyə qaynaqçısı erməni lobbisinin fasadı və daxili dağılır, içdən çürüyür.

4. Ermənistan Azərbaycanın gücü qarşısında bütün diktələrə boyun əyir və əsrlərdir gələn erməni təbliğatının mənasızlığı üzə çıxır.

5. Ermənistanın strateji seçimi qalmır, o, Azərbaycanın yaratdığı regional reallıqların daxilində qərarlaşan oyunçuların qaldırdığı toppuzların altında əzilir.

6. Azərbaycanın münaqişə zamanındakı sülh təkliflərindən qaçan Ermənistan indi Bakının sülhə məcburetmə əməliyyatlarının predmetində yer alır.

Aqşin Kərimov

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir