Rusiya-Ukrayna müharibəsində “F-16” amili – TƏHLİL

Dünya


Dünyanın supergücü olan ABŞ-nin icazəsi ilə Danimarka və Niderland Ukraynaya “F-16” qırıcı təyyarələrini verəcəklər.

“F-16”ların Ukraynanın arsenalına təqdim olunması:

– Ukraynalı pilotların və yerüstü ekipajlarının təlimi başa vurması,

– Həmin döyüş təyyarələrinin təmirini aparmaq üçün texniki xidmət müəssisələrinin yaradılması ilə düz mütənasibdir.

Bu vaxt qrafiki bir az Ukraynanın əleyhinə işləyir, çünki Kiyevə elə günü bu gün “F-16”lar lazımdır.

Üstəgəl, Niderlandla Danimarkanın Ukraynaya göndərə biləcəkləri “F-16”ların ümumi sayı da dəqiq bilinmir. Bu, hər iki ölkənin balanslarındakı neçə döyüş təyyarəsinin işlək vəziyyətdə olmasından və Ukraynaya verilənlərin əvəzində ABŞ-dən neçə “F-35” qırıcısını almasından asılı olacaq.

Danimarka bildirir ki, Ukraynaya ümumilikdə 19 döyüş təyyarəsi tədarük ediləcək. Belə ki, onun ilk altısı ilin sonunda, səkkizi 2024-cü ildə, beşi isə 2025-ci ildə Ukraynaya təhvil veriləcək.

Niderlanda gəlincə, balansında olan 42 ədəd “F-16” təyyarəsinin neçəsini Ukraynaya hədiyyə edəcəyi barədə bir qərara gəlməyib.

Göründüyü kimi, Ukrayna üçün hələ qət ediləsi məsafələr var, ancaq Kiyev üçün xeyirlisi olan budur ki, “F-16”ların tədarükü barədəki razılığı əks-hücum əməliyyatlarının getdiyi zamanda aldı.

Bu, əhəmiyyətli bir nəticədir, hərçənd, tədarük məsələsinin partiya-partiya gerçəkləşməsi Rusiyanın işğal kampaniyasının davam etməsinə şərait yaradır.

Rusiyanın qorxuları da az deyil, Moskva ehtiyat edir ki, Ukrayna “F-16”lara yiyələnsə, hava sahəsində böyük imkanlar qazanacaq və müharibədə hərbi-taktiki üstünlüklər əldə edəcək.

Moskvanın qazandığı yeganə şey vaxtdır, bu, Rusiyanın cəbhə xəttindəki müdafiə istehkamlarını sabit saxlamağa stimul verir.

Lakin “F-16”lar Ukraynaya verilsə, bu, rəsmi Kiyevin əks-hücum əməliyyatlarına möhkəm kömək edəcək, o mənada ki, Ukraynanın müharibə itkiləri kompensasiya ediləcək.

Bununla belə, nəzərə almaq lazımdır ki, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin radarı “F-16”ların trayektoriyasını tutub onları vura bilər.

Ancaq hələ də sual olunur: Rusiyanın radar sistemləri “F-16”lar önündə real döyüş şəraitində duruş gətirə biləcəkmi? Bilinmir, ümumiyyətlə Ukraynaya veriləcək “F-16”ların sazlığı da qeyd olunan suallardan biridir.

Hər halda nəzəri və praktiki olaraq işartılar var ki, “F-16”ların Ukraynaya təhvil verilməsi Rusiyaya qarşı əks-hücum əməliyyatlarına fayda gətirəcək.

Bu faydaların müharibənin gedişatında Ukraynanın xeyrinə hərbi-strateji üstünlüklər təmin edəcəyi barədə də mütləq bir fikir söyləmək çətindir.

Aqşin Kərimov

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir