Tramp kəşfiyyat direktorunu hökumətin süni intellekt üzrə nümayəndəsi təyin edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp hazırda ABŞ kəşfiyyat direktoru
vəzifəsini tutan Cey Kleytonu hökumətin süni intellekt (Sİ) üzrə
nümayəndəsi vəzifəsinə təyin etməyə hazırlaşır. Bu barədə cümə günü
bir sıra KİV məlumat yayıb.

ABŞ Prezidenti həftənin əvvəlində martın sonunda vəzifədən
ayrılan Devid Saksın yerinə seçimini tezliklə açıqlayacağını
bildirmişdi. CBS telekanalının məlumatına görə, ABŞ dövlət başçısı
Cey Kleytonu hazırkı vəzifəsində saxlaya və yeni səlahiyyətləri
onun mövcud vəzifəsinə əlavə edə bilər.

60 yaşlarında olan Kleyton cəmi yaxın vaxtlarda, iyulun sonunda
Senat tərəfindən təsdiqləndikdən sonra Milli Kəşfiyyat Direktorunun
(DNI) vəzifəsini tutub. Hökumətə qoşulmazdan əvvəl o, 2025-ci ilin
aprelindən Manhetten üzrə federal prokuror vəzifəsini icra
edib.

Cey Kleyton həmçinin 2017-2020-ci illərdə ABŞ-ın maliyyə
bazarlarına nəzarət edən Qiymətli Kağızlar və Birjalar
Komissiyasına (SEC) rəhbərlik etməsi ilə tanınır. O, bu vəzifəyə
Donald Tramp tərəfindən təyin edilmişdi.




Virciniya ştatında anadan olan Kleyton iyirmi ildən artıq
müddətdə, əsasən maliyyə sektorunda korporativ hüquqşünas kimi
çalışıb. O, investor və sahibkar olan, Silikon Vadisində böyük
fəallığı ilə seçilən Devid Saksdan fərqli olaraq, texnologiya
sektorunda təcrübəyə malik deyil.

Süni intellekt üzrə yeni hökumət nümayəndəsinin gözlənilən
təyinatı bu mövzunun son aylarda yeni əhəmiyyət kəsb etdiyi bir
vaxtda baş verir. Buna, xüsusilə, texnologiyanın hazırlanması ilə
məşğul olan şəxslərin onun üzərində nəzarəti təmin etmək imkanları
ilə bağlı narahatlıqların artması səbəb olub.

Çərşənbə axşamı süni intellekt sahəsində fəaliyyət göstərən iri
şirkətlərin rəhbərləri şirkət daxilində süni intellektə nəzarətin
və onunla bağlı risklərin idarə edilməsinin gücləndirilməsi üçün
bir sıra tədbirlər görməyə öhdəlik götürüblər. Lakin onlar xarici
tənzimləməni nəzərdə tutmayıblar. Donald Tramp isə belə
tənzimləmənin əleyhinədir.