
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp noyabr ayında Cənub-Şərqi Asiya
Dövlətləri Assosiasiyasının (ASEAN) Filippində keçiriləcək
sammitində iştirak etməyi planlaşdırır. South China Morning Post
(SCMP) qəzeti mənbələrə istinadən yazır ki, bu səfər “Vaşinqton və
Pekinin regionda nüfuz uğrunda rəqabəti fonunda” baş tutacaq.
Qəzetin mənbələrinin məlumatına görə, Ağ Evdə Trampın əvvəlcə
sammitdə iştirak etmək üçün Manilaya gəlməsi, ertəsi gün isə
Filippin Prezidenti Ferdinand Markosla ikitərəfli danışıqlar
aparmasını nəzərdə tutan plan müzakirə olunur.
Nəşrin mənbələrindən biri bildirib ki, Filippin də daxil
olmaqla, Cənub-Şərqi Asiya ölkələri ABŞ liderini bu sammitdə
iştirak etməyə çağırıblar. Onlar Trampın iştirakının “Vaşinqtonun
regiona dəyişməz dəstəyinin və onunla qarşılıqlı əlaqəyə hazır
olduğunun siqnalı olacağına” ümid edirlər.
Həmçinin gözlənilir ki, ABŞ lideri noyabr ayında Asiya-Sakit
Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak etmək üçün
Çinin Şençjen şəhərinə səfər edəcək. Sammit çərçivəsində onun Çin
Xalq Respublikasının Sədri Si Cinpinlə şəxsi görüşünün keçirilməsi
planlaşdırılır. Danışıqların gedişi ilə tanış olan SCMP mənbəsinin
sözlərinə görə, “bundan əlavə, Melaniya Trampın ABŞ prezidentinin
Asiya turnesində iştirak etməsi imkanının da müzakirə olunduğu”
bildirilir.
Qəzetin daha bir mənbəsi bildirib ki, Vaşinqton “səfərin Çinə
səfərdən daha çox Asiyaya səfər kimi görünməsi üçün Şençjenlə
yanaşı, Manilada da dayanmaq imkanını nəzərdən keçirir”.

