Tacikistanın Baş naziri Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 26-da Azərbaycanın mədəniyyət naziri Adil Kərimli
ölkəmizdə səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzodanın
rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Milli Xalça Muzeyini
ziyarət edib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, muzeyin direktoru Əminə
Məlikova qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi,
bugünkü inkişaf istiqamətləri, həmçinin muzeyin yaradılması və
fəaliyyəti haqqında ətraflı məlumat verib. O, Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
səyləri sayəsində milli xalçaçılıq sənətinin 2010-cu il noyabrın
16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini
vurğulayıb.




Əminə Məlikova ötən ilin sentyabrında Milli Xalça Muzeyində
Tacikistan Milli Muzeyinin kolleksiyasından tacik tikməsinin nadir
nümunələrinin, xüsusən süzənilərin yer aldığı sərginin
keçirildiyini söyləyib. Bu cür sərgilərin iki ölkə arasında mədəni
dialoqun inkişafına mühüm töhfə vermək məqsədi daşıdığını diqqətə
çatdırıb.

Azərbaycanın zəngin milli-mədəni irsi ilə tanışlıq qonaqlarda
xoş təəssürat yaradıb.