
Bakı. Trend:
Dünya üzrə neft hasilatının 70 faizdən çoxu artıq yetkin
yataqlarda həyata keçirilir və bu göstərici artmaqda davam
edir.
Trend xəbər verir
ki, bunu bu gün Bakıda keçiirilən SPE Xəzər Texniki Konfransında
SOCAR nümayəndəsi Murad Seyidov bildirib.
“Ölkə daxilində 30-dan çox yataqda 10 000-dən artıq quyunu idarə
edirik. Bu yataqlar struktur xüsusiyyətlərinə, məhsul tərkibinə,
infrastrukturun vəziyyətinə və digər parametrlərinə görə
bir-birindən kəskin şəkildə fərqlənir. Yəni faktiki olaraq yataqlar
arasında son dərəcə geniş fərqlər diapazonu ilə üzləşirik”, – deyə
Murad Seyidov vurğulayıb.
O qeyd edib ki, SOCAR üçün yetkin yataqların bərpası sadəcə
panel müzakirəsinin mövzusu deyil, gündəlik fəaliyyətin əsas
prioritetlərindən biridir.
“Bu, seçim məsələsi deyil – son üç-beş ildə həyata keçirdiyimiz
strategiyadır. Biz anladıq ki, yetkin yataqlar fərqli yanaşma tələb
edir. Burada həcmlərin böyüklüyü yox, dəyərə yönümlülük önəmlidir.
Məqsədimiz – yetkin aktivləri dəyər yaratmağa fokuslanaraq səmərəli
şəkildə idarə etməkdir”, – deyə Murad Seyidov bildirib.
Onun sözlərinə görə, yetkin yataqlarda bir sıra məhdudiyyətlər
mövcuddur.
“Bu yataqların bəziləri artıq 100 ildən çoxdur ki, fəaliyyət
göstərir. Bu isə təkcə yeraltı ehtiyatların azalması deyil, həm də
köhnəlmiş təcrübələrin, məhdud bilik mübadiləsinin,
infrastrukturun, quyuların və kəmərlərin yaşlanmasının təsiri
deməkdir. Belə şəraitdə şirkətin maliyyə, əməliyyat və resurs
məhdudiyyətləri əsas amillərə çevrilir”, – SOCAR nümayəndəsi əlavə
edib.
O bildirib ki, yataqların bərpasına yanaşmanın əsasında insan
düşüncəsi dayanır.
“Biz həcmlərə yox, dəyərə fokuslanırıq. Bu yanaşma maliyyə
qərarlarının və texniki tədbirlərin prioritetlərini, eləcə də əsas
effektivlik göstəricilərimizi müəyyənləşdirir. Bərpa, məqsədyönlü
düşünən və dəyər yaratmağa köklənən insanlarla başlayır. Vəzifəmiz
insanları sadəcə icra etməyə yox, düşünməyə motivasiya etməkdir”, –
deyə Murad Seyidov vurğulayıb.

