Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın: 2-si azyaşlı olmaqla 15 sakin təxliyə olunub

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın
baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu
barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından
Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb
olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının
onbeşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən
mənzildə baş verdiyi müəyyən edilib.




FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 30 kv.m olan birotaqlı mənzilin
zalı 25 kv.m sahədə yanıb.

Qonşu mənzillər yanğından mühafizə edilib.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik
tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini
təxliyə olunub.