Simalar: Moskvada güllələnən azərbaycanlı avtoritetin müəmmalı qətli – FOTOLAR

Baş səhifə

2006-cı il aprelin 7-də Moskvanın Leninqrad prospektində baş verən silahlı hücum Azərbaycanın kriminal tarixində tanınan simalardan birinin – Hikmət Muxtarovun həyatına son qoydu. “Lotu Hikmət”, yaxud “Hikmət Sabirabadski” kimi məşhurlaşan 49 yaşlı avtoritet avtomobilinə minərkən güllələnmişdi.

Modern.az saytının “Simalar” rubrikasında Hikmət Muxtarovdan bəhs edilir.

Onun həyatı ötən əsrin 70-80-ci illərindən başlayaraq keçmiş SSRİ-nin kriminal mühitində formalaşmış və sonradan Moskvaya qədər uzanmışdı.

O vaxt “Lotu Hikmət”in ölümü adi kriminal hadisə kimi qarşılanmadı. Çünki Hikmət Muxtarov artıq uzun illər idi ki, yalnız Azərbaycanda deyil, Rusiyada və keçmiş SSRİ məkanında tanınan “qanuni oğru”lardan biri hesab olunurdu.

Ölümündən sonra doğulduğu Sabirabad rayonunun Kürkəndi kəndində keçirilən dəfn mərasiminə minlərlə insanın gəlməsi də onun ətrafında formalaşmış nüfuzun miqyasını göstərirdi. Rusiyanın “Kommersant” nəşri mərasimdə təxminən 2 min nəfərin iştirak etdiyini yazırdı.

Kürkəndidən Bakıya – həyatının ilk dönüş nöqtəsi

Hikmət Muxtarov 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub. Gəncliyində Bakıya gəlir və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda – indiki Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almağa başlayır.

Onun həyatının ilk böyük dönüş nöqtəsi də məhz tələbəlik illərinə təsadüf edir.

1974-cü ildə, 18 yaşında olarkən cinayət işi üzrə məhkum edildiyi barədə məlumatlar var. Onun ilk məhkumluğunun səbəbi ilə bağlı müxtəlif versiyalar yayılıb. Azərbaycan mətbuatında ən çox rast gəlinən versiyaya görə, o, Bakı Şəhər Prokurorluğunda işləyən müstəntiqin oğlu ilə mübahisə edib. Lakin hadisənin bu təfərrüatlarını təsdiqləyən rəsmi sənəd ortaya qoyulmayıb.


Hikmət Muxtarovun 3 il müddətinə azadlıqdan məhrum edildiyi və ilk cəzasını Bakıdakı 5 saylı islah-əmək müəssisəsində və Xələc düşərgəsində çəkdiyi barədə məlumatlar var.

Onun həbsə düşməsi ilə tələbə həyatı da başa çatır. Tələbə statusunu itirən Hikmətin qarşısında artıq başqa bir dünya açılırdı – həbsxana dünyası.

Həbsxana illəri – kriminal aləmə aparan yol

1981-ci ildə Hikmət Muxtarov yenidən həbs olunur. “PrimeCrime” nəşrinin arxiv məlumatına görə, həmin il Sabirabad məhkəməsi ona 6 ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası verib. Sonrakı illərdə onun SSRİ-nin müxtəlif həbsxana və islah müəssisələrində cəza çəkdiyi qeyd olunur.

Həbsxana mühiti Hikmət Muxtarovun kriminal aləmdə formalaşmasında əsas mərhələlərdən biri hesab edilir. Onun Rusiyanın Rostov vilayətindəki düşərgələrdə olduğu, daha sonra Novoçerkassk həbsxanası, Vladimir mərkəzi və digər cəza müəssisələrində saxlanıldığı barədə arxiv məlumatları mövcuddur.

“PrimeCrime” nəşrinin məlumatına görə, 1987-ci ildə Novoçerkassk məhkəməsi onu daha 3 il müddətinə məhkum edib və cəzasını 1990-cı ildə başa vurub.

Məhz bu dövrdə onun adı kriminal aləmdə artıq geniş yayılmağa başlayıb.

26 yaşında “qanuni oğru”

Hikmət Muxtarovun kriminal karyerasının ən mühüm mərhələlərindən biri onun “qanuni oğru” kimi tanınmasıdır.

“PrimeCrime” arxivində Muxtarovun 1983-cü ildə, 26 yaşında “qanuni oğru” kimi “taclandırıldığı” və bu prosesdə Vaqif Mirzəyev – “Vaqif Ramaninski”nin iştirak etdiyi göstərilir.

Beləliklə, 1980-ci illərin ortalarından etibarən “Hikmət Sabirabadski” adı sovet kriminal mühitində tanınan adlardan birinə çevrilir.


Moskvaya gedən yol

SSRİ dağıldıqdan sonra kriminal aləmin coğrafiyası da dəyişdi. Əvvəllər müxtəlif sovet respublikalarının həbsxanalarında və düşərgələrində formalaşmış əlaqələr indi yeni dövlətlərin sərhədlərini aşırdı.

Hikmət Muxtarov da fəaliyyətini Azərbaycanla məhdudlaşdırmayan avtoritetlərdən idi.

1990-cı illərdə onun adı Bakı ilə yanaşı, Moskva və digər şəhərlərdəki kriminal mühitlə bağlı xəbərlərdə çəkilirdi. “PrimeCrime” arxivində onun 1991-ci ildə Bakıda çəkilmiş fotoşəkli, 1994-cü ildə isə digər tanınmış kriminal şəxslərlə birlikdə görüntüləri saxlanılır.

Onun adı sonradan müxtəlif kriminal fiqurların “taclandırılması” ilə bağlı məlumatlarda da keçir. Məsələn, “PrimeCrime” arxivində 1993-cü ildə Seymur Nardaranlının “qanuni oğru” statusu alması prosesində Muxtarovun iştirak etdiyi qeyd olunur. Həmin arxivdə 1994-cü ildə Novruz Abbasovun Moskvada “taclandırılması”nda da Muxtarovun adı çəkilir.

Bu məlumatlar onun kriminal iyerarxiyada yalnız öz adına görə tanınmadığını, müəyyən məsələlərdə söz sahibi olduğunu göstərir.

Bir tərəfdə cinayət dünyası, digər tərəfdə “vasitəçi” obrazı

“Lotu Hikmət” haqqında yazılan materialların ən maraqlı tərəflərindən biri onun cəmiyyətdə yaratdığı ikili obrazdır.

“Kommersant” qəzeti 2006-cı ildə onun dəfni barədə yazarkən yerli sakinlərin və polis əməkdaşlarının söylədiklərinə istinad edərək Muxtarovun müxtəlif torpaq və kommersiya mübahisələrində vasitəçilik etdiyini, bəzi insanları işə düzəltdiyini və ehtiyacı olanlara yardım göstərdiyini qeyd edirdi. Eyni məqalədə onun səxavətli insan kimi tanındığı yazılırdı.

Beləliklə, “Lotu Hikmət” haqqında formalaşmış obraz yalnız kriminal aləmdəki mövqeyi ilə məhdudlaşmırdı. Onun doğulduğu və yaşadığı çevrədə qeyri-rəsmi vasitəçi kimi qəbul edilməsi də nüfuzunun formalaşmasına təsir göstərirdi.

“Lotu Hikmət”in həyatında daha bir ciddi hüquqi mərhələ 2002-ci ildə başlayır.

Azərbaycan Ali Məhkəməsinin 18 aprel 2002-ci il tarixli qərarı ilə Hikmət Muxtarov 8 il müddətinə azadlıqdan məhrum edilib.
“PrimeCrime” arxivində həmin hökmün Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bağlı olduğu göstərilir.

Dostları da vardı, düşmənləri də – “Lotu Quli” ilə dava

Hikmət Muxtarovun kriminal aləmdəki münasibətləri heç də həmişə sakit olmayıb. O, bir sıra tanınmış “qanuni oğru”larla yaxın münasibətdə olsa da, bəzi avtoritetlərlə ciddi qarşıdurmalar yaşayıb.

“PrimeCrime” nəşrinin arxivində Hikmət Muxtarovun “Çingiz Sedoy), “Yuldaş Bostanlıkski”, “Teko Tbilisski” və “Rövşən Lənkəranski” ləqəbli kriminal avtoritetlərlə birlikdə çəkilmiş fotosu da yer alır. Bu görüntü onun həmin dövrdə müxtəlif tanınmış kriminal fiqurlarla əlaqələrinin olduğunu göstərən arxiv materiallarından biridir.

Lakin Hikmətin münasibətlərində ən çox diqqət çəkən epizodlardan biri Nadir Səlifov – “Lotu Quli” ilə yaşadığı qarşıdurma olub.

Mənbələrdə qeyd olunur ki, 2003-cü ildə Azərbaycandakı 13 saylı cəzaçəkmə müəssisəsində keçirilən məclislərin birində “Lotu Hikmət” “Otar Marneulski” ləqəbli kriminal avtoritet barədə təhqiramiz ifadələr işlədib. “Lotu Quli” isə Otarın onun dostu olduğunu bildirərək Hikmətdən bu barədə danışmamasını istəyib.

Bir müddət sonra tərəflər arasında mübahisə yenidən qızışıb. Bu dəfə onların əlbəyaxa davaya çıxdığı danışılır. Hadisənin şahidlərinin sözlərinə görə, ətrafdakılar müdaxilə etməyə çalışsa da, iki “qanuni oğru” “özümüz bilərik” deyərək davanı davam etdirib.

Hikmət Muxtarov 2003-cü ildə azadlığa buraxılıb. Bundan sonra o, Moskvada məskunlaşıb.

Rusdilli kriminal xronikalarda Hikmətin yaxın çevrəsində “Çingiz Sedoy”un xüsusi yer tutduğu, onların birlikdə Moskvadakı bəzi kommersiya obyektlərini təsir dairələrinə saldıqları bildirilir. 

Hikmət Muxtarovun kriminal aləmdəki obrazı yalnız “qanuni oğru” titulu və nüfuzundan ibarət deyildi. Onun ətrafında dostluqlar, ittifaqlar, fikir ayrılıqları və sonradan ciddi qarşıdurmaya çevrilən münasibətlər də formalaşmışdı.

Moskva, Leninqrad prospekti – son gün


2006-cı il aprelin 7-də Moskvanın Leninqrad prospektində, 12 nömrəli binanın qarşısında Hikmət Muxtarovun öldürülməsi xəbəri Rusiya mediasında geniş yayıldı.

Məlumatlara görə, Muxtarov binadan çıxaraq avtomobilinə minmək istəyərkən naməlum şəxslər ona atəş açıblar. Hadisə yerində silahların aşkar edildiyi və qətllə bağlı cinayət işi başlanıldığı bildirilirdi.

Mətbuatda yazılanlara görə, Hikmət Muxtarov “Mercedes-500” markalı avtomobilinə yaxınlaşarkən iki silahlı şəxsin hücumuna məruz qalıb. O, başından və sinəsindən aldığı güllə yaraları nəticəsində hadisə yerində ölüb.

Onun yanında olan mühafizəçisi Bayram Talıbov da ağır yaralanıb və xəstəxanaya aparılarkən həyatını itirib. Sürücüsü Mürvət Xəlilov isə ağır yaralanıb, lakin sağ qalıb.

Qətlin sifarişçisinin kim olduğu isə bu günədək müəyyənləşdirilməyib.

Mediada dərc olunan bəzi materiallarda hadisə Moskvanın kriminal bazarlarına və təsir dairələrinə nəzarət uğrunda mübarizə ilə əlaqələndirilirdi. “PrimeCrime” nəşri də “Lotu Hikmət”in o vaxtlar Moskvadakı iri bazar və ticarət obyektləri üzərində təsirə malik olduğunu yazırdı.

“Qisas alınacaq” söhbətləri

Həmin vaxt Hikmət Muxtarovun qətli kriminal aləmdə böyük rezonans doğurmuşdu.

Onun ölümündən sonra müxtəlif versiyalar və qisas barədə söhbətlər yayıldı. “Kommersant”ın 2006-cı il reportajında dəfn mərasimində bəzi şəxslərin qətlin cavabsız qalmayacağını düşündükləri yazılırdı.

Moskvanın mərkəzində öldürülən Hikmət Muxtarovun son ünvanı doğulduğu Kürkəndi oldu.

Cənazəsi Moskvadan Bakıya gətirildi, oradan Sabirabad rayonunun Kürkəndi kəndinə aparıldı.

11 aprel 2006-cı ildə o, doğma kəndində dəfn edildi.

Dəfn mərasiminin miqyası o dövr üçün xüsusilə diqqətçəkən idi. “Kommersant” təxminən 2 min nəfərin mərasimdə iştirak etdiyini yazırdı. Rusiyanın müxtəlif bölgələrindən, Gürcüstan, Ukrayna və digər yerlərdən kriminal aləmlə əlaqəli şəxslərin də Azərbaycana gəldiyi bildirilirdi.


Onun arxasında nə qaldı?

“Lotu Hikmət” haqqında 20 il sonra yazmaq onun kriminal keçmişini romantikləşdirmək məqsədi daşımır.

Onun həyat yolu keçmiş SSRİ-də kriminal mühitin necə formalaşdığını, həbsxana illərinin bir insanın həyat yoluna necə təsir etdiyini və 1990-cı illərdə kriminal əlaqələrin sərhədləri necə aşdığını göstərən nümunələrdən biridir.

18 yaşında tələbə ikən həbsə düşən Kürkəndi sakini sonrakı onilliklərdə sovet həbsxanalarının müxtəlif ünvanlarından keçərək kriminal iyerarxiyada tanınan simalardan birinə çevrildi. Daha sonra Moskvanın kriminal mühitində də özünə geniş çevrə yaratdı.

Lakin bu yolun sonu 2006-cı il aprelin 7-də Moskvanın Leninqrad prospektində açılan atəşlə bitdi.

Dostlarının xatirələrinə görə, Hikmət Muxtarov tez-tez deyirdi: “Hərənin öz həyatı var. Mənim də bəxtimə belə bir tale düşüb. Bilirəm ki, bu yolun axırı yoxdur, amma mənim geriyə də yolum yoxdur”.

A.Qorxmaz

Simalar: Xan qızının ailə həyatı - Natəvanın iki evliliyi, övladları - FOTOLAR

Bu xəbər ilə bağlı

Simalar: Xan qızının ailə həyatı – Natəvanın iki evliliyi, övladları – FOTOLAR

Xəbəri oxu