Qələbəni qoruyub saxlamaq onu qazanmaqdan da çətindir – Taleh Camalov

Baş səhifə

Bakı. Trend:

Qələbəni qoruyub saxlamaq onu qazanmaqdan da çətindir.

Bunu Vətən müharibəsi qəhrəmanı, 27 yaşlı tankçı, ehtiyatda olan
tank komandiri Taleh Musa oğlu Camalov 27 Sentyabr – Anım Günü ilə
əlaqədar Zəfər Parkını ziyarət edərkən Trend-ə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan xalqı Vətən müharibəsində birlik
nümayiş etdirərək torpaqların işğaldan azad edilməsinə nail
olub.

“İkinci Qarabağ müharibəsinin qalibiyəm, ağır döyüşlərdə iki
ayağımı itirmiş ehtiyatda olan tank komandiriyəm. Vətən sağ olsun!
Allah cənab Prezidentimizi, cənab Ali Baş Komandanımızı var eləsin.
Dəmir yumruq olduq. Torpaqlarımızı işğaldan azad etmək, namusumuzu,
qeyrətimizi qaytarmaq üçün çox şükür ki, məqsədimizə nail olduq”, –
deyə o qeyd edib.

T.Camalov qələbənin qorunmasının vacibliyini bildirib.

“Hər zaman qələbəmizi qoruyub saxlamalıyıq. Düzdür, biz bu gün
yaşayırıq. Bir gözümüz ağlayır, bir gözümüz sevinməlidir ki, biz
qalib xalqıq. Düşmən baxıb sevinməməlidir. Əksinə, baxıb deməlidir
ki, mən Azərbaycan əsgərini vurdum, yıxılmadı, yenə dimdik ayaq
üstədir”, – deyə qazi vurğulayıb.

O, müharibə zamanı aldığı ağır xəsarətlərdən və keçirdiyi
müalicələrdən də danışıb.




“Mən 27 əməliyyat keçirmişəm, 50-dən çox narkoz almışam,
ayaqlarımı itirmişəm. Buna baxmayaraq, yenə də deyirəm: Vətən sağ
olsun! Mən cənab Ali Baş Komandanımız, Prezidentimizlə, hörmətli
Mehriban xanımla, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğan və onun xanımı ilə, eləcə də bir sıra dövlət nümayəndələri
ilə görüşmüşəm. Hamısı mənə hörmətlə yanaşıb. Allah hər birini var
eləsin!” – deyə T.Camalov bildirib.

Qazi şəhidlərin xatirəsinin daim yad edilməsinin, qazilərə və
veteranlara diqqət göstərilməsinin vacibliyini qeyd edib.

“Allah bütün şəhid qardaşlarımızın ruhunu şad eləsin.
Qazilərimizə, veteran qardaşlarımıza kömək olsun. Orduda xidmət
edən bütün qardaşlarımızı Allah qorusun. Allah bir daha müharibə
yaşatmasın”, – deyə o əlavə edib.

T.Camalov Azərbaycan xalqının Vətən müharibəsində qələbənin əldə
olunmasında mühüm rol oynadığını da bildirib.

“Bu Qələbə cənab Prezidentin, şəhidlərimizin, qazilərimizin və
bütün xalqımızın gücü sayəsində əldə olunub. Xalqımızın da burada
həqiqətən böyük gücü var idi. Bu gün azad və firavan Anım
Günümüzdür. Bunun üçün buraya yığışmışıq”, – deyə qazi qeyd
edib.

Qeyd edək ki, Taleh Musa oğlu Camalovun gələn ay Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün keçirilməsi nəzərdə
tutulur.