"Sentyabrın əvvəli yuxuda gördüm ki…" – Şəhid anası xatirələrini bölüşdü

Baş səhifə

27 sentyabr. Anaların, bacıların, gəlinlərin yola saldığı igidlər həmin gün 44 günlük savaşa başladılar. Kimisi ailəsinə zəfər xəbəri ilə gələrkən, kimiləri şəhadətə ucalma xəbəri ilə ailələrini kədərə boğdular. Həmin oğullarımızdan biri də Elvin İsgəndərov idi. Onun şəhidlik zirvəsinə ucalma xəbəri qələbə xəbərindən daha tez gəldi.

Övladlarının arasında ən çox sevdiyini, bağlı olduğunu vətənə qurban verən Xuraman xanım Modern.az-a oğlunun igidliyindən danışıb.

Onunla danışığımızın ilk dəqiqələrində Xuraman ana uzaqlara baxıb gülümsəyərək, oğlu Elvindən danışmağa başladı. Onun ilk cümləsi o oldu ki, “mənim Elvin balam Allahdan mənə göndərilən bir mükafat idi, amma balamı tez aldı məndən”:

“Biz övladlarımızı çox çətinliklə, kasıblıqla böyütmüşük. Elvin balaca olanda mən nə vaxt ki, yorulurdum, tükənirdim o gəlib qarşımda dayanıb balaca əlləri ilə əllərimi ovcuna basar və “anacan, ağlama. Mən böyüyəndə sənə, ailəmə çox gözəl baxacam” deyərdi”.

Bu gün Elvin anasının yanında olub ona xoş günlər yaşada bilməsə də, Azərbaycan xalqının hər bir övladının firavan yaşamasına səbəb olan bir oğuldur. Bu gün Azərbaycandakı analar, övladlar Elvin kimi vətən balalarına minnətdardır:

“Elvin əsgərlikdən gəldikdən sonra dedi ki, “ana, mən hərbidə qalıb işləmək istəyirəm”. Ana ürəyi, elə bil hiss edirdim balamı vətənə qurban verəcəyimi. Dedim “yox,balam. Qal burda işlə, mən sənsiz yaşaya bilmərəm. Sən mənim dostum, sirdaşımsan”.

Xuraman ana kədərlə qeyd etdi ki, nə etsə də, Elvini yolundan döndərə bilmədi. Elvin yalnız 44 günlük müharibədə yox, Aprel döyüşlərində də böyük şücaət göstərib.

Xuraman ananın qəlbində hiss etdikləri əvvəldən bəyan idi. Onun sözlərinə görə, sentyabrın ilk həftəsi səhərə yaxın gördüyü yuxu 27 sentyabrın xəbərçisi olub:

“Yuxumda görürəm ki, 5-6 qadın birdə mən sahədə işləyirik. Başımı qaldırıb səmaya baxıram. Görürəm ki, buludlar qaralır. Çox keçmir ki, ətraf-aləm qaranlığa qərq olur. Elə bu vaxt əlimi saçlarıma atıb “Elvin!” deyə çığırıram. Yuxudan oyanıram. O gündən qəlbimdə bir narahatlıq olur”.

Xuraman ana deyir ki, müharibədən əvvəlki həftə Elvin tez-tez ona zəng edirmiş. Hər dəfə də “anacan, özünə, evdəkilərə yaxşı bax. Tez-tez Səmayəyə, uşaqlara zəng elə. Danışın, bir-birinizdən muğayət olun”.

Onun sözlərinə görə, Elvin müharibə vaxtı həyat yoldaşı Səmayəyə zəng edib 1 kəlmə ilə “Sağam” deyib söndürürmüş:

“Bizə yığmırdı. Səmayəyə yığıb bir kəlmə deyirdi sağam. Başqa nə suala nə də kəlməyə macal vermirdi”.

Xuraman anadan Elvinin şəhid olma xəbərini soruşduqda isə qəlbində keçirdiyi həyəcan və kədər üzünə yansıdı:

“Oktyabrın 5-i mən işdə idim. Dedilər Surraya şəhid gəlib. Ürəyim ağzımda döyündü. Dedim ya mənim balamdı ya da qonşulardan birinin. Özümü saxlaya bilmədim. Qaçdım evə. Gəldim ki, evdə hamı gərgindi, məndən nə isə gizlədənə oxşayırlar. Qışqırdım ki, “balam şəhid olub, siz mənə demirsiniz?” Gördüm atası Akifə zəng gəldi. O da çıxdı eşiyə, mən də qaçdım arxasınca, tutdum yaxasından ki, “balama nə olub mənə demirsən?” Akif dedi “sakitləş, Elvin yaralanıb, onu gətirirlər”.

Xuraman ana deyir o an hər şeyi anladım: “Anladım ki, xəstəxana əvəzinə bura gətirirlərsə, mənim Elvinim şəhadətə ucalıb. O an dizlərimin bağı çözüldü, özümü itirdim. Amma indi düşünəndə görürəm ki, mən həmin dəqiqə özümü yox Elvinimi, oğlumu, yoldaşımı, sirdaşımı, igidimi itirdim.

Uzun müddət inana bilmədim. Elə bildim harda olsa çıxacaq və hər zamankı zarafatcıl səs tonu ilə “Ay Xuraman sən yenə ağlayırsan?” deyəcək”.

Amma Elvin gəlmədi, Xuraman anaya təsəlli də vermədi. Ondan qalan 3 övlad, gözü yaşlı ailə və qazandığı torpaqlarımız oldu.

Lamiyə Cənnətzadə