Oğlunun 1 yaşı, ailəsinin göz yaşı – Şəhid Anar Əliyevin hekayəsi

Baş səhifə

2020-ci il sentyabrın 21-i bir ailənin taleyini dəyişən gün.

Həmin axşam saat 11 radələrində Anar Əliyev tələm-tələsik iş paltarını dəyişərək evə gəlir. Sənədlərini götürür. Onu hərbi komissarlığa çağırmışdılar. Amma bu gediş adi bir gedişə bənzəmirdi.

Anarın həyat yoldaşı Günel Əliyeva Modern.az-a həmin anları belə danışıb:

“Dedi ki, sənədlərimi götürməyə gəlmişəm, məni hərbi komissarlığa çağırırlar. Soruşdum ki, niyə çağırırlar? Tələm-tələsik iş paltarını dəyişdi, adi geyimlərini geyindi və sənədlərini götürdü. Həmin vaxt oğlum evdə idi. Uşağını qucaqladı, öpdü, mənimlə də sağollaşdı. Dedim ki, sən niyə bizimlə sağollaşırsan, axı hərbi komissarlığa gedirsən? Dedi: “Hər şey ola bilər. Özünüzə yaxşı baxın. Oğlumu sənə əmanət edirəm, səni də Allaha əmanət edirəm. Mən hər şeyi necə qoyub getmişəmsə, hər şeyi eyni formada davam etdirərsiniz”.

Anarın bu sözləri Günelin yaddaşında illər keçsə də dəyişməyib. Xüsusilə də bir cümləsi.

“Mən səni necə qoyub gedirəmsə, elə də davam edərsən. Heç kimin sözünə görə öz bildiyindən dönmə”.

Anar həmin gecə ailəsindən ayrıldı. Sentyabrın 26-sı isə onların həyatında həm sevinc, həm də sonradan ömürlük kədərə çevriləcək bir tarix idi.

Həmin gün Anarın oğlu Məhəmmədin bir yaşı tamam olurdu. Əslində, bu tarix ailə üçün çoxdan gözlənilirdi. Ev bəzədilmiş, qonaqlar çağırılmışdı. Günel oğlunun ilk doğum gününü xüsusi qeyd etmək istəyirdi. Çünki ailənin maddi imkanları buna qədər uşağın heç bir doğum gününü qeyd etməyə imkan verməmişdi.

Lakin Məhəmmədin bir yaşı tamam olan gün atasından xəbər yox idi…

“Sentyabrın 21-də getmişdi. Ayın 26-sı olmuşdu, amma heç bir xəbər yox idi. Harada olduğunu, necə olduğunu bilmirdim. Səhər saat 8 radələrində telefonuma tanımadığım bir nömrədən zəng gəldi. Zəng edən Anar idi. Mənə sadəcə dedi: “Bu gün sənin ana olduğun gündür. Təbrik edirəm”. Başqa heç nə demədi. Sonra bildirdi ki, burada internet olmur, telefon tapmaq olmur, narahat olma”.

Döyüşün, təhlükənin və ölümün içində olan Anar həmin gün ailəsini unutmamışdı. O, oğlunun doğum gününü və həyat yoldaşının ana olduğu günü xatırlamışdı.

Bu zəng Günelin Anardan eşitdiyi son sözlərdən biri oldu.

Anar 2018-ci ilin dekabrında Günellə ailə həyatı qurmuşdu. Qısa sürən ailə həyatlarının ən böyük sevinci isə 26 sentyabr 2019-cu ildə dünyaya gələn oğulları Məhəmməd olmuşdu.

Onlar hələ ailə həyatlarının ən gözəl çağlarını yaşayırdılar. Məhəmməd böyüyür, Anar isə oğlunun ilk addımlarını, ilk sözlərini, ilk ad günlərini görməyə hazırlaşırdı.

Amma müharibə bütün planları yarımçıq qoydu.

Günel deyir ki, Anar ailəsinə və övladına çox bağlı insan olub. Onun üçün həyat yoldaşının nə hiss etdiyini sözlə deməsinə belə ehtiyac yox idi. Bir baxışdan hər şeyi anlayırdı. Həmişə nikbin, qayğıkeş və diqqətli idi.

Sentyabrın 21-də isə ailəsindən ayrılarkən sanki gələcəkdən xəbərdar imiş kimi onlara son vəsiyyətini etdi:

“Mən sizi dik qoyub gedirəm, həmişə dik durun, başınız uca olsun”.

Anarın hərbi yoldaşları da onu nikbinliyi və güclü xarakteri ilə xatırlayırdılar.

25 sentyabrı 26 sentyabrına bağlayan gecə isə Anar son dəfə xüsusi olaraq hazırlaşdı. Təraş oldu, çimdi və hərbi yoldaşlarına “Mən bu gün şəhid olacağam” dedi. Yoldaşları onun bu sözlərinə inanmadılar, onu ruhlandırmağa çalışdılar.

Lakin ertəsi gün – 26 sentyabr 2020-ci ildə Anar Əliyev Vətən uğrunda şəhid oldu.

Həmin gün Məhəmmədin bir yaşı tamam olurdu.

Bir evdə uşağın doğum günü üçün hazırlıq görülürdü. Digər tərəfdə isə bir ana övladını atasız qoyan müharibə xəbərini alırdı.

Məhəmmədin bir yaşı tamam oldu, amma atası yanında olmadı. Günelin hazırladığı bayram süfrəsi isə onun həyatında heç vaxt unuda bilməyəcəyi bir günün xatirəsinə çevrildi.

Bu gün Günel oğlunu Anarın ona əmanət etdiyi ən böyük yadigar kimi böyüdür.

İllər keçsə də, Anarın son sözləri onun yaddaşından silinmir:

“Mən səni necə qoyub getmişəmsə, elə də davam edərsən. Oğlumu sənə əmanət edirəm”.

Günel bu gün də həmin əmanəti qoruyur. Anarın yoxluğunun ağrısını içində daşıyaraq oğlunu atasının adına layiq böyütməyə çalışır.

Çünki bəzi insanlar həyatdan getsələr də, sözləri, baxışları və əmanətləri geridə qalır.

Anarın isə geridə qoyduğu ən böyük əmanət – oğlu Məhəmməddir.

Və bir ana hər gün oğluna baxanda həm həyat yoldaşını, həm də yarımçıq qalan bir ömrü xatırlayır.

Nicat Rüstəm