Qarabağ layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihə variantı podratçı tərəflərin adından dərc edilib

Baş səhifə

Bakı. Trend:

bp, Xəzər dənizinin Azərbaycan sektorunda Qarabağ yatağının
işlənməsi üzrə Risk xidmət sazişinin əsasında fəaliyyət göstərən
əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində
Qarabağ layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf Mühitə
Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı
podratçı tərəflərin adından hazırlanıb və dərc edilib.

Sənəddə proqram üzrə təklif edilmiş fəaliyyətlərin xülasəsi
verilir, onunla əlaqədar ətraf mühitə və sosial-iqtisadi sahəyə
potensial təsirlər araşdırılır və tövsiyə edilən təsirazaltma və
monitorinq tədbirləri təsvir edilir. ƏMTQ prosesi təklif edilmiş
işlərin nəticəsində yaranan hər hansı mənfi ekoloji və
sosial-iqtisadi təsirlərin müəyyənləşdirilməsini, minimuma
endirilməsini və mümkün olan hallarda, aradan qaldırılmasını təmin
etmək məqsədi daşıyır.

Qarabağ layihəsi üzrə seysmik tədqiqat proqramına dənizdibi
sensor qovşaqlarla (OBN) seysmik tədqiqat və yüksək dəqiqlikli
(HR)/ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat daxildir. OBN
tədqiqatının 2025-ci ilin dekabrında başlayacağı və 3,5 ayadək
davam edəcəyi planlaşdırılır. HR/UHR tədqiqatın isə 2026-cı ilin
mart-aprel aylarında həyata keçiriləcəyi və 45 günədək davam
edəcəyi nəzərdə tutulur. OBN seysmik tədqiqatın yataq haqqında daha
dərin məlumatların əldə olunmasına, quyuların planlaşdırılmasına və
yatağın işlənmə strategiyalarının təkmilləşdirilməsinə imkan
yaradacağı gözlənilir. HR/UHR seysmik tədqiqatın əsas məqsədi quyu
bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də
platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə
quraşdırılmasına maneə törədə biləcək yeraltı təhlükələri
müəyyənləşdirməkdir.

Maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması ƏMTQ prosesinin
mühüm hissəsidir. Maraqlı tərəflərin dinlənməsi və fikirlərinin
sənədləşdirilməsi, əsas maraqlı tərəflərin birgə fikirlərinin
layihələndirmə işlərində və ƏMTQ sənədində əksini tapmasını təmin
edir.

ƏMTQ sənədinin və qeyri-texniki xülasənin layihə variantları
bütöv olaraq Azərbaycan və ingilis dillərində hazırlanıb və
aşağıdakı link vasitəsilə bp-nin veb-səhifəsindən əldə edilə
bilər:





https://www.bp.com/az_az/azerbaijan/home/news/hesabatlar/Etraf-muhit-ve-sosial-tesirlerin-qiymetlendirilmesi-hesabatlari/Qarabag-layihesi.html

Qarabağ layihəsi üzrə seysmik tədqiqat proqramı üçün ƏMTQ
sənədinin, həmçinin, qeyri-texniki xülasənin QR kodu və linki 17
oktyabr 2025-ci il tarixindən həmin sənədləri ictimaiyyətin
nəzərdən keçirməsi üçün aşağıdakı ünvanlarda yerləşdirilib:

  • bp-nin Xəzər Mərkəzi Ofisinin qəbul şöbəsi, Neftçilər prospekti
    153
  • M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, Xaqani küçəsi
    29
  • Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elmi
    Kitabxanası, Hüseyn Cavid küçəsi 31
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası,
    Azadlıq prospekti 20
  • Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii
    Sərvətlər Nazirliyi, Bəhram Ağayev küçəsi 100a
  • Bakı Ali Neft Məktəbinin Kitabxanası, Kampus, yeni Salyan
    şossesinin 3-cü kilometri.

ƏMTQ sənədinin layihə variantı barədə fikir və rəyləriniz bizim
üçün əhəmiyyətlidir. Qeydlərinizi və rəylərinizi:

  • doldurulmuş rəy formaları ilə birlikdə elektron məktubla

    [email protected]
    ünvanına və ya
  • doldurulmuş rəy formaları ilə birlikdə poçt ilə AZ1010,
    Neftçilər prospekti 153, Port Baku, bp Xəzər Mərkəzinə göndərə və
    yaxud
  • doldurulmuş rəy formalarını yuxarıda sadalanan ictimai
    yerlərdən istənilən birinə təqdim edə bilərsiniz.

ƏMTQ sənədinin açıqlanma müddəti 15 noyabr 2025-ci il
tarixinədəkdir.

ƏMTQ sənədinin layihə variantı barədə fikir və rəylərinizi
gözləyirik.