Dünya Bankı Cənubi Qafqaz ölkələrinin ÜDM artımı ilə bağlı proqnozlarını yeniləyib

Baş səhifə

Bakı. Trend:

Dünya Bankı Cənubi Qafqaz regionunda ÜDM-in sabit artımını
növbəti üç il ərzində proqnozlaşdırır.

Trend xəbər verir ki, Dünya
Bankının 2025-ci il üzrə oktyabr buraxılışlı hesabatına əsasən,
regionun real ÜDM artımının 2025-ci ildə 3,7%, 2026-cı ildə 3,3% və
2027-ci ildə 3,1% olacağı gözlənilir.

Hesabatda həmçinin 2025-ci ilin iyun proqnozları ilə müqayisədə
cüzi düzəlişlər qeyd olunur: 2025-ci il üçün +0,1 faiz bəndi,
2026-cı il üçün −0,1 faiz bəndi və 2027-ci il üçün −0,3 faiz
bəndi.

Məlumat üçün qeyd edək ki, regionda ÜDM artımı əvvəlki illərdə
belə olub: 2022-ci ildə 7,3%, 2023-cü ildə 3,8% və 2024-cü ildə
5,7%.




“Cənubi Qafqaz ölkələrində artımın 2025-ci ildə 3,7%
səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ötən ilki 5,7%
göstəricisi ilə müqayisədə azalmadır. Bu, Azərbaycanda
karbohidrogen hasilatının azalması ilə bağlıdır – 2025-ci ilin
birinci yarısında neft hasilatı təxminən 5% azalıb”, – deyə Dünya
Bankının ekspertləri bildirirlər.

Dünya Bankının analitikləri həmçinin qeyd edirlər ki,
2022–2023-cü illərdə kəskin artımdan sonra Rusiyadan gələn pul
köçürmələrinin normallaşmasına baxmayaraq, regionda pul
köçürmələrinin artımı davam edir. Belə ki, Ermənistana daxil olan
köçürmələr 2025-ci ilin yanvar–iyul aylarında illik ifadədə 9,2%
artıb, Gürcüstana isə 5% artım qeydə alınıb. Rusiyadan gələn
köçürmələrin azalması (Gürcüstan üçün təxminən 30%) Avropa İttifaqı
və ABŞ-dan göndərilən vəsaitlərin artması ilə kompensasiya
olunub.

Hesabatda bildirilir ki, Cənubi Qafqaz ölkələri bərpa olunan
enerji və rəqəmsal ixrac xidmətləri sahəsində imkanları ilə
fərqlənir. Regionun Orta Dəhlizdəki mövqeyi həmçinin nəqliyyat və
logistika xidmətlərinin artımı üçün platforma yaradır.