Qaradağda yük avtomobili dəmir arakəsmələrə çırpılıb, 4 nəfər ölüb, 2 nəfər yaralanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qaradağda baş vermiş qəzada dörd nəfər ölüb, iki nəfər
yaralanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-in sorğusuna cavab
olaraq bildirilib ki, oktyabrın 7-də saat 14:00 radələrində
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı
şəhəri, Qaradağ rayonu ərazisindən çağırış qeydə alınıb.

“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) müştərək
travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya
olunub.Onlardan 1961-ci il təvəllüdlü şəxsə qaraciyərin travması,
qabırğaların çoxsaylı sınığı, 1984-cü il təvəllüdlü şəxsə isə səthi
travma diaqnozu təyin edilib.
Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilir, 1961-ci il
təvəllüdlü şəxsin vəziyyəti orta ağır, 1984-cü il təvəllüdlü şəxsin
vəziyyəti isə stabil qiymətləndirilir”.

16:28

xxx

Bakının Qaradağ rayonunun Qaradağ qəsəbəsində yük avtomobilinin
dəmir arakəsmələrə çırpılması nəticəsində 4 nəfər ölüb.




Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən
məlumata görə, “112” qaynar telefon xəttinə yol-nəqliyyat qəzasının
baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması
barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin
xilasediciləri cəlb edilib.

Hadisə yerində “Mercedes Atego” markalı yük avtomobilinin dəmir
arakəsmələrə çırpıldığı və vətəndaşların deformasiyaya uğramış
avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə
avtomobildən 4 nəfərin meyitini və bir nəfəri sağ çıxararaq
aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma
aparılır.