
Bakı. Trend:
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin
artırılması və artan yük tələbatının qarşılanması məqsədilə
oktyabrın 8-də paytaxtın və Abşeron rayonunun bir sıra ərazilərində
elektrik təsərrüfatında təmir, yenidənqurma işləri aparılacaq,
elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət
yaranacaq.
Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ)
xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir
işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə,
Dadaş Bünyadzadə, Mirəli Seyidov, Nazim Hikmət, Tağı Şahbazi
küçələri və İnşaatçılar prospektinin bir hissəsində elektrik
enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Yeni Komplekt Transformator Məntəqəsinin (KTM) quraşdırılması
işləri zamanı Səbail RETSİ-nə daxil olan Badamdar şossesinin bəzi
ərazilərində, eləcə də 2-ci yaşayış massivi 2-ci dalanda saat
11:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə
yaranacaq.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində
110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından qidalanan 6 kV-luq
ikidövrəli “Binəqədi-1” və “Binəqədi-2” hava xətləri üzrə naqillər
yenilənəcək. Yenidənqurma işləri aparılarkən saat 10:00-dan
16:00-dək 10 May küçəsi və kənd Binəqədi yaşayış məntəqəsinin bir
sıra yerlərində enerjinin verilişi məhdudlaşdırılacaq.
Abşeron RETSİ-nə daxil olan 110/35/10 kV-luq “Masazır”
yarımstansiyasında yerinə yetiriləcək təmir işləri ilə əlaqədar
planlı fasilə saat 10:00-dan 15:00-dək rayonun Abşeron, Ağaxan
Abdullayev, Akim Abbasov, Alı Mustafayev, İlyas Bayramov,
İstiqlaliyyət, Qəzənfər Əlizadə, Mirvari Dilbazi, Mübariz
İbrahimov, Rəşad Hüseynov, Rizvan Həşimov, Şıxəli Qurbanov, Turqud
Xəlilbəyli küçələrini də əhatə edəcək.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər
daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin
olunacaqlar.

