“Android”in Azərbaycan bazarındakı payı artıb

Baş səhifə

Bakı.Trend:

“Android” əməliyyat sisteminin Azərbaycan bazarındakı payı
artıb.

Trend agentliyinin “Global Stats Statistika Mərkəzinin” məlumatları əsasında apardığı
hesablamalara görə, 2026-cı ilin sentyabr ayının yekunlarına
əsasən, “Android” əməliyyat sisteminin Azərbaycan bazarındakı payı
əvvəlki ayla müqayisədə 9,2 faiz bəndi artaraq 56,45 faiz təşkil
edib.

Qeyd olunur ki, “Android” Azərbaycanda əməliyyat sistemləri
bazarında liderliyini qoruyub. Populyarlığına görə ikinci yeri
Microsoft Windows tutub. Bu əməliyyat sisteminin payı əvvəlki ayla
müqayisədə 4,97 faiz bəndi azalaraq 29,67 faizə düşüb. Üçüncü yerdə
10,48 faiz bazar payı ilə iOS qərarlaşıb. Avqust ayı ilə müqayisədə
bu göstərici 0,3 faiz bəndi artıb.

“Global Stats”ın məlumatına görə, 2026-cı ilin sentyabr ayının
yekunlarına əsasən, “Android” dünya üzrə əməliyyat sistemləri
bazarında da liderliyini qoruyub. İkinci yeri “Microsoft Windows”,
üçüncü yeri isə iOS tutub.




“Android”in saytında yayımlanan məlumata görə, “Android” 17
artıq Android əməliyyat sisteminin aktual əsas versiyasıdır. Qeyd
olunur ki, hazırda Google bu versiya üçün yeniləmələr yayımlamaqda
davam edir. Oktyabrın 2-də isə dəstəklənən cihazlar üçün növbəti
rüblük yeniləmə olan “Android” 17 QPR 3 Beta 1 təqdim edilib.

“Android 17-nin ilkin buraxılışını inkişaf etdirərək,
platformanı yeniləməyə, müəyyən edilmiş problemləri aradan
qaldırmağa və daha sonra dəstəklənən cihazlara təqdim edilən
təkmilləşdirmələr həyata keçirməyə davam edirik. Bu yeniləmələr
Quarterly Platform Releases (QPR) çərçivəsində rüblük olaraq
buraxılır və həm AOSP-də, həm də “Feature Drops” tərkibində “Google
Pixel” cihazlarında əlçatan olur.

Bu yeniləmələr tətbiqlərin işinə təsir edən API
dəyişikliklərini ehtiva etməsə də, zərurət yarandıqda
tərtibatçıların tətbiqlərini bu versiyalarda sınaqdan keçirə
bilməsi üçün QPR-in ən son beta versiyalarının görüntülərini təqdim
edirik. Məsələn, tətbiqdən istifadə zamanı istifadəçi təcrübəsinə
təsir göstərə biləcək yeni funksiyalar planlaşdırılırsa,
tərtibatçılar həmin funksiyaları sınaqdan keçirə bilərlər”, –
məlumatda deyilir.