
Bakı. Trend:
Azərbaycan insan hüquqlarının təşviqi və müdafiəsinə sadiqliyini
bir daha təsdiqləyib, keçmiş münaqişənin yaratdığı humanitar
nəticələrə, o cümlədən minalar və itkin düşmüş şəxslərlə bağlı
məsələlərə diqqət çəkib. Bu barədə Azərbaycanın Birləşmiş Millətlər
Təşkilatındakı Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar
Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü
Komitəsində 70-ci gündəm bəndi – “İnsan hüquqlarının təşviqi və
müdafiəsi” üzrə çıxışı zamanı bildirib.
“Bu gün dünyamız artan münaqişələr, dərinləşən bərabərsizlik və
iqlim dəyişikliyinin təsirləri nəticəsində ciddi problemlərlə
üzləşdiyi bir vaxtda insan ailəsinin bütün üzvlərinin ayrılmaz
ləyaqətinin, bərabər və ayrılmaz hüquqlarının qorunması son dərəcə
böyük əhəmiyyət daşıyır.
Azərbaycan Konstitusiyasının müəyyən etdiyi kimi, insan hüquq və
azadlıqlarının təmin edilməsi ən yüksək prioritetli məqsəddir və
insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində davamlı
tərəqqinin təmin olunması məqsədilə ardıcıl hüquqi və institusional
islahatlar həyata keçirilir.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının insan hüquqları
mexanizmləri, xüsusilə Universal Dövri İcmal, müqavilə qurumları və
xüsusi prosedurlar üzrə mandat sahibləri ilə əməkdaşlığa xüsusi
əhəmiyyət verir. Bu çərçivədə Azərbaycan beynəlxalq insan hüquqları
sənədlərinin icrası ilə bağlı milli hesabatları mütəmadi olaraq
təqdim edir və monitorinq mexanizmləri ilə dialoqu davam
etdirir.
Keçmiş münaqişə nəticəsində öz yurdlarından didərgin düşmüş
azərbaycanlıların insan hüquqlarının bərpası hər zaman dövlətin
prioritet istiqamətlərindən biri olub. Azərbaycanın “Böyük Qayıdış”
Proqramı çərçivəsində həyata keçirdiyi sistemli bərpa və
yenidənqurma tədbirləri artıq 96 min insanın işğaldan azad edilmiş
ərazilərə qayıtmasına və orada yaşamasına imkan verib.
Bu səylərə genişmiqyaslı minalanma ciddi maneə yaradır. Minalar
nəticəsində 400-dən çox insan həlak olub və ya ağır yaralanıb ki,
bu da onların zərərsizləşdirilməsi istiqamətində səmimi
əməkdaşlığın zəruriliyini göstərir. Eyni zamanda, itkin düşmüş kimi
qeydiyyata alınmış 4 mindən çox şəxsin taleyi digər həllini
gözləyən humanitar problem olaraq qalır.
Münaqişə başa çatdıqdan sonra 253 nəfərin qalıqlarının aşkar
edildiyi 32 kütləvi məzarlıq müəyyənləşdirilib. Bu məzarlıqlar
mülki şəxslərin və beynəlxalq humanitar hüquqla qorunan digər
şəxslərin qəsdən öldürüldüyünə dair əlavə sübutlar təqdim edir.
Dəfn yerləri ilə bağlı bütün zəruri məlumatların təqdim
edilməsi, arxivlərin açılması və şahid ifadələrinin toplanması
itkin düşmüş şəxslərin ailələrinin həqiqəti bilmək hüququnun həyata
keçirilməsi üçün görülməli tədbirlər sırasındadır. Azərbaycan
harada olduğu məlum olmayan şəxslərin taleyinə aydınlıq gətirmək
üçün bütün resurslarını səfərbər etməkdə davam edəcək.
Məsuliyyət danılmazdır və törədilmiş hüquqpozmaların qaçılmaz
nəticəsi olmalıdır. Azərbaycan münaqişə zamanı öz vətəndaşlarına və
beynəlxalq hüquqla qorunan digər şəxslərə qarşı törədilmiş ağır
cinayətlərin milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə
tam uyğun şəkildə araşdırılması və təqib olunması istiqamətində
qətiyyətli addımlar atıb.
Kəndlilərin və kənd yerlərində çalışan digər insanların
hüquqları üzrə İşçi Qrupunun Üçüncü Komitəyə təqdim etdiyi A/81/211
saylı hesabatla bağlı Azərbaycan vurğulayır ki, mandat sahibləri
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və
prinsiplərini rəhbər tutmalıdırlar. Bundan əlavə, xüsusi
prosedurlar öz funksiyalarını mandatlarına ciddi uyğunluq əsasında
həyata keçirməli, onların təqdim etdikləri məlumatlar etibarlı,
qarşılıqlı yoxlanılmış və müvafiq, mötəbər mənbələrdən əldə edilmiş
olmalıdır. Bu, İnsan Hüquqları Şurasının 18 iyun 2007-ci il tarixli
5/2 saylı “Xüsusi prosedurlar üzrə mandat sahibləri üçün Davranış
Məcəlləsi” adlı qətnaməsinə uyğundur. Təəssüf ki, yuxarıda qeyd
olunan hesabat bu tələblərə cavab vermir.
Suveren bərabərlik, ərazi bütövlüyünə hörmət və dövlətlərin
daxili işlərinə qarışmamaq Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsində təsbit olunmuş fundamental prinsiplərdir. Biz
müxtəlif beynəlxalq platformalarda insan hüquqlarının
siyasiləşdirilməsi və ikili standartların tətbiqi, yaxud insan
hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə müdaxilə
hallarının artması tendensiyasına qarşı çıxırıq.
Bu baxımdan vurğulayırıq ki, Komitənin diqqətinə çatdırılan, o
cümlədən Çinlə bağlı bəzi məsələlər bu yanaşma nəzərə alınmaqla və
qeyd olunan prinsiplərə tam uyğun şəkildə nəzərdən keçirilməlidir”,
– deyə Şəhriyar Hacıyev bildirib.

